SOCAR-da 16 ildən sonra vitse-prezidentlikdən gedənlər - DOSYE

Xəbər verdiyimiz kimi, dünən Prezident ilham Əliyevin sərəncamı ilə SOCAr-ın 5 vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədovdur.

Metbuat.az xəbər verir ki, Yaşar Lətifov 2016-cı ildən vits-prezident vəzifəsində olub. O, əmək fəaliyyətinə “Azneft” İB-in 2 saylı Binəqədi NQÇİ-də operator kimi başlayıb, daha sonra usta və sahə rəisi vəzifəsinə keçirilib. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərib. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və “AÇG”, “Şahdəniz” layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan “SOCAR Upstream Management International” MMC-nin icraçı direktoru vəzifəsində çalışıb. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2017-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Sərəncamla vəzifəsindən azad edilən Süleyman Qasımov isə 2006-cı ildən SOCAR-da vitse-prezident vəzifəsindən olub. O, 1982-1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqdisadçı, baş mühasibin müavini, baş mühasib) çalışıb. 1991-2003-cü illərdə “Xəzərdənizneft” İstehsalat Birliyinin (İB), “Azərineft” Neft və Qazçıxarma Baş İdarəsinin, “Dənizdə neft və qazçıxarma” İB-nin baş mühasibi vəzifələrində işləyib. 2004-2006-cı illərdə ARDNŞ-nin Baş Ofisində İqtisadiyyat və uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olub. 2006-cı ildə “Tərəqqi” medalı, 2011-ci ildə “Şöhrət” ordeni, 2017-ci ildə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. İqtisad elmləri doktoru, professordur, 3 monoqrafiya, 45-dən çox elmi məqalənin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Vitse-prezidentlik postundan uzaqlaşdırılan İskəndərov Daşqın isə 2019-cu ildən bu vəzifədə olub. O, Əmək fəaliyyətinə 1991-ci ildə 28 May NQÇİ-nin 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi başlayıb. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəis müavini və rəisi vəzifələrində çalışıb. 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində (ABƏŞ), daha sonra isə “BP Exploration Caspian Sea Limited” şirkətində Əməliyyatlara nəzarət mərkəzində texnik, istehsalat üzrə sahə rəhbəri vəzifələrində işləyib. 2007-2010-cu illərdə “Azneft” İB-nin 28 may NQÇİ-nin rəisinin birinci müavini və rəisi olub. 2010-cu ildə “Azneft” İB-də Baş direktorun 1-ci müavini- baş-mühəndis, 2011-ci ildə Baş direktor vəzifəsinə təyin edilib. 2014-cü ildə “Əməkdar mühəndisi” fəxri adı, 2017-ci ildə isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Texnika elmləri doktoru, 2 monoqrafiyanın, 20-dən çox elmi məqalənin, 12 ixtira və patentin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bədəl Bədəlov 12 ildir ki, vitse-prezidentlik vəzifəsini icra edirdi. O, mühəndislik fəaliyyətinə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin (İB) “Xəzərdənizneftqaztikinti” Trestinin 2 saylı Tikinti-quraşdırma İdarəsində başlayıb, böyük iş icraçısı vəzifəsinədək yüksəlib. 1997-2003-cü illərdə “Dənizdə neft və qazçıxarma” İB-in “Xəzərdənizneftqaztikinti” Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar mexanikləşdirilmiş dəstəsinin rəisi vəsifələrində çalışıb, 2003-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunun (NEZ) Əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilib. 2005-2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı NEZ-in direktoru, 2007-2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olub. 2010-cu ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

16 ildir ki, SOCAR-da vitse-prezident olan Xalik Məmmədov da sərəncamla vəzifəsindən azad edilib. Əmək fəaliyyətinə 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodunda başlayıb. 1985-1991-ci illər ərzində zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1991-1992-ci illərdə Bakı şəhəri Nizami rayonu XDS İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Bakı Neftayırma Zavodu nəzdində “Azinteroyl” Müştərək Müəssisəsinin texniki direktoru, 1992-1994-cü illərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat şöbəsinin baş mütəxəssisi, 1994-2005-ci illərdə “Azərneftyanacaq” İstehsalat Birliyində (daha sonra “Azərneftyanacaq” NEZ, Heydər Əliyev adına Bakı NEZ adlandırılıb) kadrlar şöbəsinin rəisi, baş direktorun müavini, direktorun rejim və kadrlar üzrə müavini vəzifələrində çalışıb, 2005-2007-ci illərdə ARDNŞ-nin İşlər İdarəsinin rəisi olub. 2008-ci ildə “Əməkdar mühəndis” fəxri adına, 2017-ci ildə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. İqtisadiyyat üzrə fəlsəfə doktorodur. Yeni Azərbaycan Partiyasının üzvüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR