Zəmanətli tariflərin formalaşdırılması meyarları məlum oldu

Elektrik enerjisinin satınalma müqaviləsinə zəmanətli tarifin və digər ödəmələrin müəyyənləşdirildiyi valyuta və ödəniş şərtləri daxil ediləcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə səlahiyyətli orqan arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.

İstehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə, zəmanətli tariflərin müəyyənləşdirilməsi zamanı investisiya xərcləri (əldə ediləcək gəlir daxil olmaqla), bərpa olunan enerji mənbələrinin potensialı və elektrik enerjisinin istehsal gücü əsasında ehtimal olunan elektrik enerjisi istehsalının həcmi, layihənin xüsusiyyətləri, quraşdırılacaq qurğuların göstəriciləri, investisiyanın geri qaytarılma müddəti nəzərə alınır.

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı səlahiyyətli orqan zəmanətli tarifin yuxarı həddini müəyyən edir. Zəmanətli tarifin yuxarı həddi mövcud istehsalçıdan satınalma tarifindən yüksək olduğu təqdirdə, səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, zəmanətli tarifin yuxarı həddini müəyyən edir.

Hərrac iştirakçıları zəmanətli tarifin yuxarı həddi barəsində məlumatlandırılır və bu həddən yüksək təkliflər nəzərə alınmır. Elektrik enerjisi istehsalçısı birbaşa cəlbetmə yolu ilə seçildikdə, müəyyənləşdirilən zəmanətli tariflər yuxarı həddən yüksək ola bilməz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR