Reabilitasiya mərkəzində xəstələrə əzab verənlərə hökm oxundu

"Nyu Layf” Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri olan Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub.

Metbuat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilən hökmə əsasən, Famil Rzayev 8 il, Orucəli Heydərovla Elvüsal Hüseynovun hər biri 7 il və Sərxan Əliyevla Qənbər Həsənov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Nyu Layf” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub.

Mərkəzin rəhbəri Orucəli Heydərov, digər əməkdaşları - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar. İddia olunur ki, işgəncə nəticəsində pasiyentlərdən biri olan Hüseyn Məmmədov ölüb.

Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.

Dəstə üzvləri qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. Elvüsal Hüseynov, Orucəli Heydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR