Magistraturanı bitirən gənc mütəxəssislərin müvafiq elmi vəzifəyə müsabiqədənkənar təyin edilməsi təklif olunur

13:52 25 Dekabr 2014
62 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 13:48 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda elmi işçilərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi, elmi işçilərin işlə təmin olunmasında yeni qaydaların tətbiqi təklif olunur. APA-nın məlumatına görə, Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılan yeni “Elm haqqında” qanun layihəsində bu barədə ayrıca maddə əksini tapıb.

 

Qanun layihəsinin “Elmi işçinin işə qəbul qaydası” adlı 10-cu maddəsinin 1-ci və 2-ci hissəsində göstərilir ki, “elmi işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və elmi müəssisə, təşkilatın nizamnaməsi ilə tənzimlənir”.
 

Maddənin 3-cü bəndində isə deyilir ki, “müsabiqə yolu ilə tutulan və vəzifədə olma müddəti məhdudlaşdırılan elmi vəzifəyə təyin edilən elmi işçi ilə işəgötürən arasında Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır”.
 

Yenə həmin maddənin 4-cü bəndində bildirilir ki, “Doktoranturanı və magistraturanı bitirən istedadlı gənc mütəxəssislər müvafiq elmi vəzifəyə müsabiqədənkənar (sonradan müsabiqədə iştirak etmək şərti ilə) təyin oluna bilərlər”.
 

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, istedadlı gənc mütəxəssislərin müvafiq elmi vəzifəyə müsabiqədənkənar təyin olunması konkretləşməyib və bu, korrupsiyaya yol aça bilər. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə ona cavabında deyib ki, digər qanunvericilikdə nəzərdə tutulan müddəalar buna nəzarət edir və heç bir mənfi hala yol verilə bilməz.
 

Qanun layihəsinin müzakirəsi davam edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR