Azərbaycanda universitet yataqxanaları: Şərait və qiymətlər necədir? - ARAŞDIRMA

Avqustun 16-da universitetlərə ixtisas seçimi başlayır. Bu ərəfədə paytaxt universitetlərində təhsil alan regionlardan olan tələbələri maraqlandıran əsas məsələ yaşayış yeridir. Kirayə evlərdən əlavə, tələbələr üçün əlverişli yerlərdən biri də universitetlərin yataqxanalarıdır.

Metbuat.az məsələnin aktuallığını nəzərə alaraq bir çox universitetin mətbuat xidmətləri ilə əlaqə yaradaraq yataqxanaların mövcud vəziyyətini araşdırıb:

Bakı Dövlət Universiteti

BDU-nun "Tələbə Evi" 220 nəfərlikdir. Hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Düz universitetin yanındadır. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. 1 nəfər 75 manatdır. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Yeni yataqxananın inşası istiqamətində də işlər davam edir. Yeni yataqxana təxminən 2 500-3 000 tələbənin qalmasına imkan verəcək.

Azərbaycan Tibb Universiteti

ATU-da 5 yataqxana fəaliyyət göstərir. Bu yataqxanaların ümumi tutumu 1150 nəfərdir. İstər Azərbaycan vətəndaşları olsun, istər əcnəbi vətəndaşlar olsun, hər biri yataqxana ilə təmin edilir. Universitet yataqxanaları ATU şəhərciyində yerləşir. Yataqxanada yaşayan tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün istirahət otağı, oxu zalları, internet şəbəkəsi fəaliyyət göstərir. Qeyd edək ki, yataqxana ödənişlərdə qiymət aylıq 50-120 AZN arasında qiymət fərqi dəyişir, belə ki, otağın qiyməti orda yerləşən tələbə sayına görə müəyyənləşdirilir.

Azərbaycan Dövlət Pedaqoji universiteti

ADPU-nun Bakı şəhərində 5 yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşmışdır. ADPU-nun Akad. Həsən Əliyev küçəsi, 104 ünvanında yerləşən 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 217 nəfər yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir.

Azərbaycan Texniki Universiteti

AzTU tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Universitetin 6 korpusdan ibarət böyük yataqxana kompleksi mövcuddur. Hazırda həmin kompleksin kiçik hissəsindən istifadə olunur. Çünki 1990-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsində məcburi köçkün düşmüş vətəndaşlarımız kompleksimizdə yerləşdirilib, uzun illər burada yaşayıblar və korpuslar yarasız hala düşüb. Universitet tərəfindən kompleksin bir korpusu təmir edilərək tələbələrin ixtiyarına verilib. 400-dən çox tələbə bütün imkanlarla təmin edilmiş bu korpusda yerləşdirilir. AzMİU Elm və Təhsil Nazirliyi ilə birgə kompleksin digər korpuslarını da təmir etdirmək, tələbələrin ixtiyarına vermək üçün maliyyə qaynaqları axtarır. Qiymətə gəlincə isə AzMİU-nun yataqxanasında ödəniş 60 AZN-dir. Təbii ki, burada məqsəd kommersiya deyil, infrastrukturun dövrü xərclərini qarşılamaqdır. Bundan əlavə, sosial həsas qrupa daxil olan 50-ə yaxın tələbələrimiz yataqxanamızda ödənişsiz yerləşdirilib.

Mingəçevir Dövlət Universitetində hazırda tələbə yataqxanası mövcud deyil. Kampus tikintisi davam edir. Orada həm qızlar, həm də oğlanlar üçün ayrılıqda yataqxanalar nəzərdə tutulub.

Azərbaycanın Dövlət İqtisadiyyat Universiteti (UNEC)

Bu universitetin 5 yataqxanası var, lakin hazırda məcburi köçkünlər orada yaşayır. Ona görə istifadəyə verilmir. Məcbur köçkünlər köçürüldükdən sonra yataqxana yenidən bərpa olunaraq istifadəyə veriləcək.

Xəzər Universiteti

Universitetin cəmi 1 yataqxanası var. Hazırda bəzi təmir işləri həyata keçirilir. Qiyməti 100-140 manatdır. Ümumi tutumu isə 98 nəfərlikdir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR