"Qadınlara qarşı cinayətlər artıbsa, günahkar özləridir" - Qalmaqallı AÇIQLAMA

"Azərbaycanda kişilərə qarşı da olan cinayətlərin sayı açıqlanmalıdır”.

Metbuat.az "Qaynarinfo"ya istinadən bildirir ki, bunu hüquqşünas Əkrəm Həsənov yanvar-iyun aylarında qadınlara qarşı edilən cinayətlərin sayının 9 faiz artmasına aydınlıq gətirərkən deyib.

Ə. Həsənov bildirib ki, kişilərə qarşı törədilən cinayətlərin sayının artması araşdırılmalıdır:

"Ümumiyyətlə, Azərbaycanda törədilən cinayətlərin sayı artmaqdadır. Statistika deyir ki, qadınlara qarşı törədilən cinayətlərin sayı artıb. O zaman sual olunur, həmin cinayətlərin hamısını kişilər törədib? Qadınların da kişilərinə qarşı cinayətləri var. Bu barədə də əlavə məlumat verilməlidir. Təkcə bu il ərzində 36 kişi qadın tərəfindən zorakılığa məruz qalıb”.

Həmsöhbətimizə qeyd edib ki, son zamanlar qadınlar ərlərindən şikayət edirlər, kişilər isə qadınların onlara qarşı etdiyini dillərinə gətirmir:

"Hansı kişi gedib deyər ki, arvadım mənə qarşı zorakılıq, şiddət göstərir? Ona görə statistika tam deyil. Bu səbəbdən biz məişət zorakılığına daha geniş baxmalıyıq”.

Əkrəm Həsənov qeyd edib ki, Azərbaycanda kişilər həyat yoldaşları tərəfindən psixoloji təzyiqə məruz qalırlar:

"Son vaxtlar qadınların ən çox səsləndirdiyi ittihamlar budur - "sən nə kişisən ki, filankəs qədər pul qazana bilmirsən”. Belə iradın səsləndirilməsi kişi üçün stress və ölümdür. Yaxşı qadın ərini belə aşağılamaz. Niyə heç kəs demir ki, Azərbaycanda kişilərin ömrü qadınların ömründən azdır? Bunun da əsas günahkarı qadınlardır. Mən bunların hamısını kənara qoyuram. Ümumiyyətlə, tutaq ki, Azərbaycanda qadınlara qarşı cinayətlərin sayı artıb. Bunun əsas günahkarı elə qadınların özləridir. Elə dövlət də məsuliyyət daşıyır. Çünki dövlət qadınlara çox əsassız üstünlüklər verir”.

Əkrəm Həsənovun sözlərinə görə, vəziyyət o həddə çatıb ki, qadınlar kişilərini boşanmaqla hədəfə gətirir:

"Niyə heç kim demir ki, Azərbaycan məhkəmələrində boşanmaların əksəriyyətinin təşəbbüskarı qadınlardır. Bəlkə də 90%-i. Gəlin baxaq, cinayətlərin, zorakılıqların da sayı o qədərdimi? Yox. Qadınların çoxu zorakılığa görə boşanmır, kefi belə istəyir, xoşuna gəlimir boşanır. Qadın bilir ki, boşama zamanı dövlət kişini deyil, onu müdafiə edir. Kişinin əmlakı bölünür, sonra məhkəmə uşağı anaya verir, atadan aliment tutur. Qadınlar ərlərinə uşağı ilə görüşməyi yasaq edir. Qadınlar uşaqları xaricə aparanda kişi icazə verməyəndə onu məhkəməyə verirlər. Məhkəmə də bir qayda olaraq qərar çıxarır ki, ərin icazəsi olmadan da uşağı xaricə aparmaq olar. Qadınlar üstünlüklərini bildiyi üçün özlərini ailədə yumşaq aparmırlar, istədikləri kimi yaşamaq istəyirlər”.

Hüquqşünas bütün bunları gündəlik həyatda ətrafında olan dost-tanışlarından, ona müraciət edib məsləhət alan şəxslərdən eşitdiyini vurğulayıb:

"Qadının bir kəlmə "sən kişi deyilsən” sözü istənilən kişini sındırır. Bunu psixoloqlar da deyə bilər ki, istənilən kişiyə söz daha pis təsir edir. Mənə müraciət edənlər var. Deyirlər ki, "arvad məni saymır, ağzına gələni deyir, məni başqa kişilərlə müqayisə edir” və s. Bu ifadələr kişini arvaddan uzaqlaşdırır. Bunun da əsas günahkarı eyni zamanda kişilərdir. Kişilər ailə qurandan sonra özlərini ailə başçısı kimi aparmırlar. Bunun da səbəbləri var. Deyirlər ki, kişi hər bir qərarını arvadla razılaşdırmalıdır. Əslində qadınların bir xarakteri var. Qadınların onların sözü ilə oturub-duran kişilərdən xoşu gəlmir, soyuyurlar. Qadın psixoloji cəhətdən elə kişi axtarır ki, ona tabe olsun. Kişi arvadının sözü ilə oturub-duranda miskin varlığa çevrilir. Sabah qadın onu saymayanda kişi də başlayır ona zor tətbiq etməyə”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR