"Fənərbaxça"nın istedadlı futbolçusu Ferdi Kadıoğluna Avropa klublarından çoxlu təkliflər gəlib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, təklif göndərən klublar arasında “Bavariya” və "İnter” də var. Bildirilir ki, sol cinah müdafiəçisi mövqeyində uğurlu çıxışı ilə seçilən Türkiyə millisinin üzvü Avropa klublarına keçməyə tələsmir.
Məlumata görə, 23 yaşlı futbolçu "Fənərbaxça"da qalmağa qərar verib. Bildirilir ki, o “Fənərbaxça”nın heyətində çempionluq qazanaraq komandadan ayrılmaq istəyir.
Qeyd edək ki, Ferdi Kadıoğlunun müqaviləsi 2026-cı ilə qədər davam edir. Ötən mövsüm Ferdi Kadıoğlu 48 oyunda forma geyinib. O 4 qol vurub, 4 məhsuldar ötürmə edib.