Dərmanlarla bağlı sevindirici xəbər - Qiymətlər azalacaq

“Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Dərman vasitələri haqqında” Qanunun qüvvəyə minməsi zaman içərisində Azərbaycanda həm dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bolluq şəraitində qiymətlərin tənzimlənməsinə kömək edəcək”.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, mühüm və beynəlxalq səviyyədə qəbul olunmuş dəyişiklikləri özündə ehtiva edən qanunun qüvvəyə minməsi bu gün ölkədə dərman qeydiyyatı ilə bağlı hər hansı səbəbdən olan çətinliyin, xüsusən də qeydiyyatın həyata keçirilməsindəki süründürməçiliyin aradan qalxmasına imkan verəcək.

“Beynəlxalq dərman sektorunda fəaliyyət göstərən iri şirkətlər və zavodlar Azərbaycanda qeydiyyat sistemi asanlaşdığı üçün bütün dərman vasitələrini ölkədə qeydiyyatdan keçirməyə və qanuni yollarla gətirməyə maraqlı olacaq ki, bu da qiymətləri tənzimləyəcək, dərmanların nəzarətsiz şəkildə yüksək qiymətlərlə satılmasının qarşısını alacaq.

Bu gün qonşu ölkələrlə, xüsusən Türkiyə ilə müqayisədə bəzən üç-dörd dəfə baha satılan dərmanlar qeydiyyatı olmayan dərmanlardır. Dərman vasitəsi qeydiyyata düşmədiyi zaman, əlbəttə, fərqli yollarla fərdi insanlar və ya təşkilatlar tərəfindən ölkəyə gətirilir və belə olduğu halda dərman vasitəsi aidiyyatı qurumların nəzarətindən qaçacaq şəkildə yüksək qiymətə satılır.

Bu qanun daha əvvəl davamlı şəkildə təşkilatlar tərəfindən şikayət olunan, hər hansı bir dərman vasitəsinin 8 ay, il yarım davam edən qeydiyyat prosesini asanlaşdıraraq çox qısa müddət ərzində həllinə kömək edəcək. İnanırıq ki, bunlar gələcəkdə arzulanan nəticənin əldə edilməsinə imkan verəcək”, - deyə R.Mahmudov əlavə edib.

Qeyd edək ki, avqustun 15-də Prezident İlham Əliyevin fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklər təsdiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR