Ətin bahalaşmasının arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Ətin qiymətində 0,50-1 manat arası artım müşahidə edilir. Ötən həftə 14 manata satılan mal əti hazırda bazarda 15-16 manata satışa çıxarılır.

Metbuat.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bunun bir çox səbəbləri var. Başda örüş yerlərinin az olması və bazardakı vəziyyət yer alır:

"Birincisi, uzun müddətdir ki, Kənd Təsərrüfatı Nazirliyi pambıq əkini ilə bağlı işlər aparır. Otlaqların çoxu buna görə hazırlanıb. Örüş resursları azaldığı üçün insanlar qoyun, mal saxlamaqdan imtina edir və pambıq yetişdirmək istəyirlər.

İkincisi, son 3 ildə heyvan yemləri təqribən 80%-ə yaxın bahalaşıb. Bu da ətin qiymətinə təsir edir. Bundan başqa, fərdi təsərrüfatlarda sahibkarlar böyütdükləri heyvanları bazarda sata bilmirlər. Bazarın üçüncü subyektləri - alverçilər, yəni ət biznesi ilə sıx əlaqəsi olanlar bazarda sahibkarlara çətinlik yaradır. Onlar bazarda ətçilərə mallarını birbaşa satmaqda çətinlik yaradırlar, bazarda ətə özlərinə lazım olan qiymət qoyurlar.

Həmçinin uzun illərdir Rusiya, Ukrayna, Dağıstandan iri və xırdabuynuzlu heyvanlar gətirilirdi. Məndə olan məlumata görə, quru sərhədlər bağlı olduğu üçün bunda da azalma var".

Onun sözlərinə görə, istehlakçıların ətə olan tələbatı artıb. Hazırda turistlərin ölkəyə olan axışını nəzərə alsaq, tələbatın artdığını müşahidə edərik:

"Bəzi mütəxəssislər qeyd edir ki, tələbat artmayıb, ətin qiyməti sabit qalacaq. İstirahət mərkəzlərində turistlər çoxdur. Orada ətə böyük tələbat var. Tələb təklifi üstələyib. Şəxsi tələbatla bərabər, restoranlarda, şadlıq evlərində ətə olan tələbat artıb. Bu da qiymətə təsir edir. Hazırda mal ətinin qiyməti 16-17 manatdır. Proqnozlarıma görə, ilin axırına quzu ətinin qiyməti 20 manatdan aşağı olmayacaq. Buna heç kim təsir edə bilməz, çünki bazar tələb-təklif əsasında formalaşır.

Hökumət gərək elə bir şərait yaratsın ki, qiymət aşağı düşsün, seçim çox olsun. Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyinin mərkəzləşdirilmiş ət kəsimi məntqələrində ətin kəsilməsi və daşınması üçün rüsum çoxdur, qəssablar narazıdır. Düşünürəm ki, rüsum aşağı salınmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı