"Ermənistan cəmiyyəti müharibəyə hazırlaşdırılır" - TƏHLİL

Avqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Son günlərdə cəbhə xəttində yaranmış gərginlik fonunda baş verənləri Metbuat.az-a şərh edən politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycanın sistematik şəkildə Ermənistana sülhlə bağlı çağırışlar etməsinə rəğmən, Ermənistan hakimiyyəti müharibəyə hazırlaşdırılır:

“Bu gün qarşımızda Ermənistandan daha çox Ermənistan maskası geyinmiş xarici güc faktorlarının Azərbaycan əleyhinə təbliğat-təşviqatı dayanır. Ermənistanı Azərbaycanla müharibəyə təhrik edənlər və Qarabağdakı separatçılığı qızışdıranların Ermənistan xalqı və yaxud ümumiyyətlə Ermənistan dövləti veclərinə deyil. Bu güc faktorları yaxşı anlamalıdırlar ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın dəmir yumruğunun dadına baxmış Ermənistan bu gün heç bir formada Azərbaycanla müharibə aparacaq potensiala malik deyil. Ermənistanın istənilən bir müharibəyə təhrik edilməsi, bütövlükdə Ermənistanın özünün sonuncu dövlətçilik elementlərinin də sıradan çıxmasına səbəb olacaq”.


Rus sülhməramlılarının gözü qarşısında, Qarabağda delimitasiya olunmamış şərti sərhədlər boyunca Ermənistan ordusunun hərbi birləşmələri cəmləşdirdiyini xatırladan politoloq qeyd etdi ki, hələ də Hindistandan, İran üzərindən Ermənistanın silahlandırılması prosesi davam edir:

“Bu hadisələr nəticəsində Cənubi Qafqazda gərginlik ovqatının daim qaldığı haqqında mənzərə yaradılmağa çalışılır. Bölgədə heç vaxt sabitlik olmayacağı ilə bağlı bir fon formalaşdırılmağa çalışılır. Bu çox təhlükəli tendensiyadır. Bütövlükdə Cənubi Qafqaz üçün ciddi şəkildə problemlər yaradacaq bir layihədir. Bu layihədə Ermənistan könüllü şəkildə iştirak edir və məsələ odur ki, əslində Ermənistanın Azərbaycanla sülh imzalamaq, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq kimi vəziyyətdən çıxış imkanları olsa da, Ermənistan bu təxribatlarda iştirak edərək bölgənin daha da gərginləşməsinə səbəb olur”.

Baş verənlərə cavab olaraq Azərbaycanın yaxın günlərdə antiterror əməliyyatı keçirib-keçirməyəcəyi sualına cavab verən millət vəkili Arzu Nağıyev Metbuat.az-a bildirdi ki, bu addımı atmaq Azərbaycanın haqqıdır:

“Rusiyada baş verənlər nə etnik, nə dini qarşıdurmadır” -

“Ərazi bütövlüyümüzə hər hansı bir təcavüz olarsa, təxribatlar dayanmazsa və 2020-ci il noyabr sazişinə uyğun olaraq silahlı birləşmələr, terror dəstələri ərazimizi tərk etməzsə, antiterror əməliyyatı keçirmək mümkündür. Lakin bu gün əsas söhbət sülh müqaviləsinin imzalanmasından, delimitasiya, demarkasiya, Qarabağda yaşayan etnik ermənilərin inteqrasiyasından gedir. İndi o ərazilərdən qaçmağa hazırlaşanlar üçüncü kateqoriya şəxslər, separatçılar, havadarlarına və Ermənistanda oturan bəzi siyasətbaz şəxslərə arxalanaraq maliyyələşən qurumlara ümid edib yaşayanlardır.

Bu gün əsas məsələ sülhün bərqərar olmasıdır. Düşünürəm ki, sülhün bərqərar olması gecikərsə və buna mane olan hansısa silahlı toqquşmalar baş verərsə, antiterror əməliyyatı ilə nəticələnə bilər. Azərbaycan cəmi 3-4 saat ərzində antiterror əməliyyatı keçirərək oradakı tör-töküntülərdən birdəfəlik canını qurtara bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR