Dərslər sentyabrın 1-də, yoxsa 15-də başlayacaq?

Azərbaycanda tədris ilinin sentyabrın 1-dən başlayıb, mayın sonuna kimi davam etməsi ilə bağlı təkliflər aylardır cəmiyyət tərəfindən irəli sürülür. Lakin Elm və Təhsil Nazirliyi bu çağırışları qulaqardına vurmağa davam edir.

Bəs görəsən, bu barədə çağırışlara niyə səs verilmir? Son 10 gündə yeni qərar çıxa bilərmi?

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov da bildirdi ki, dərs ilinin sentyabrın 1-dən başlaması daha uyğundur:

"Dərslərin sentyabrın 15-i başlaması ilə bağlı cənab Prezidentin fərmanı var və fərmana əsasən bu proses tənzimlənirdi. Artıq uzun illərdir ki, dərslər bu formada davam edir.

Bu məsələnin həlli üçün çıxış yolu mərkəzi icra hakimiyyəti orqanı olaraq Elm və Təhsil Nazirliyinin bu məsələni qaldırmasıdır. Bu gün cəmiyyətdə dərslərin sentyabrın 1-i başlaması ilə bağlı bir istək var, dəfələrlə bu məsələ müzakirə olunub, bizə də tez-tez bu barədə sual verilir. Cəmiyyətdə müəyyən gözləntilər var. Elm və Təhsil Nazirliyinin yekun mövqeyinə ehtiyac var. Onlar bu məsələni aidiyyəti qurumlar qarşısında qaldıraraq qərarların qəbul edilməsi üçün təşəbbüslə çıxış etməlidirlər. Proses bu formada həyata keçirilməlidir".

Deputat qeyd edib ki, Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı mütləq rəsmi mövqeyini bildirməlidir:

"Nazirlik bununla bağlı aidiyyəti qurumlara müraciət edib, ya yox, bilmirəm, amma belə bir müraciət varsa, cəmiyyətin məlumatlandırılmasına ehtiyac var. Çünki bizə də edilən çoxsaylı müraciətlər onu göstərir ki, insanlar çaşqınlıq içərisindədir, onların müəyyən gözləntiləri var.

Elm və Təhsil Nazirliyi hansısa addım atmadı, yaxud atdı, ya atacaqmı deyə məlumat verməli, məsələyə aydınlıq gətirməlidir. Çünki dərs ilinin başlanmasına çox az qalıb, biz bunu nəzərə almalıyıq.

O ki qaldı, məsələnin praktiki tərəfinə, Azərbaycan iqlimi, şəraiti nəzərə alınaraq məktəblərin sentyabrın 1-dən başlanması daha məqsədəuyğundur. Bu il də dərs ili bitənə yaxın - iyun ayında havalar çox isti keçdi. Dərslərin sentyabrın 1-dən başlanmasını istəyənlər istinin də nəzərə alınmasını tələb edirdi.

Bundan başqa, uzun illərin praktikası onu göstərdi ki, dərslərin iyunun 14-də bitməsi öz yerini tuta bilmədi, bu gün may ayının sonu gələn kimi hamı tətil barədə düşünür və 14 gün sırf rəsmiyyət üçün məktəbə gedib-gəlirlər, davamiyyətə baxsaq, bunu asanlıqla müşahidə edə bilərik. Ona görə düşünürəm ki, cəmiyyətin sifarişi, eləcə də mövcud şərait nəzərə alınaraq ən azından dərslərin sentyabrın 1-i başlaması ilə bağlı məsələ qaldırıla bilər. Yaxud dərs ilinin başlama tarixi dəyişməsə belə bu barədə cəmiyyətə açıqlama verilməli, səbəblər göstərilməli, izah edilməlidir. Elm və Təhsil Nazirliyinin açıqlaması mütləq olmalıdır ki, məsələyə aydınlıq gətirilsin və aradakı anlaşılmazlıq ortadan qalxsın".

C.Məmmədovun sözlərinə görə əgər bu qərar qəbul edilərsə, icrası növbəti tədris ilindən olacaq. Çünki 10 gün qalmış anidən belə qərarın qəbul edilməsi bir çox problemə yol aça bilər:

"Əgər dərslərin 1 sentyabrdan başlaması ilə bağlı qərar qəbul edilərsə, bu növbəti tədris ilinə aid ediləcək. Çünki bu, asan proses deyil. Proqram, dərs cədvəlləri və digər bir çox məsələ həll olunmalıdır. Bunun üçün də müəyyən hazırlığa ehtiyac var. Əgər hansısa hazırlıq gedibsə, müəyyən işlər görülübsə, bu başqa məsələ, lakin heç bir addım atılmayıbsa, anidən qərar qəbul etmək ciddi çətinliklər yarada bilər. Elm və Təhsil Nazirliyinin bu barədə rəsmi paylaşımı olarsa, daha yaxşı olar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR