Bu tarixdə kirayə mənzillərin qiyməti artacaq - AÇIQLAMA

Artıq yeni tədris ilinə az qalıb. Bu isə o deməkdir ki, regionlardan və xarici ölkələrdən paytaxt Bakıya və digər regionlara tələbə axını başlayacaq.

Bəs hazırda kirayə mənzil bazarında qiymətlər nə yerdədir?

Metbuat.az-a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, hazırda mənzillərin kirayə qiymətində artım var. Ən çox artım birotaqlı evlərdə müşahidə olunur:

"Hazırda Bakıda kirayə mənzil bazarında orta mənzil qiyməti 843 manatdır. Bir kvadratın dəyəri isə 9,49 manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə orta mənzilin kirayə qiyməti 14,07%, bir kvadrat metrə görə isə orta qiymət ötən illə müqayisədə 19,37% artıb. Otaqlar üzrə qiymət artımına gəlincə, ən çox birotaqlı evlərdə qeydə alınıb - 16,46%. İkiotaqlıda 11,91%, üçotaqlıda 10,68%, çoxotaqlıda isə 3,92% qiymət artımı olub".

Nüsrət İbrahimov

O bildirib ki, artıq avqustun sonu, sentyabrın əvvəlinə kirayə mənzil bazarında qiymət artımı gözlənilir: "Ötən ilin avqust ayının II dekadasında qiymət artımı 6,22% olub, sentyabrda isə 9,74% olub. Bu onu deməyə əsas verir ki, avqustun sonu, sentyabrın əvvəlində qiymət artımı qaçılmaz olacaq".

Nüsrət İbrahimov həmçinin regionlarda da kirayə evlərin qiymətlərində artım olduğunu bildirib: "Regionlarda mənzillərin orta kirayə qiyməti 342 manatdan 367 manata çatıb. İl ərzində 7,31% faiz artım olub".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR