Priqojinin ölümündə sirr yoxdur, həyatının xətasını etmişdi - Politoloq

“Yevgeni Priqojinin ölümündə xüsusi sirr pərdəsi yoxdur. Çünki hələ iki ay öncə, Priqojin qiyamı zamanı vaqnerçilərin Moskva ətrafından geri dönməsindən sonra məlum idi ki, bu hərəkət nəticəsiz, yəni cəzasız qalmayacaq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Şahin Cəfərli deyib. Rusiyanın hazırda mafiya qaydaları ilə idarə olunan bir ölkə olduğunu qeyd edən analitik hesab edir ki, bu cür hərəkətlər bağışlanmır və buna yol verənlər qanun çərçivəsində təqib olunmasa da, aradan götürülməklə cəzalandırılır:

"Rusiyadakı hazırkı rejim "insan yoxdursa, problem də yoxdur" prinsipi ilə hərəkət edir. Priqojin iki ay öncə Belarus prezidenti Lukaşenkonun vasitəçiliyi ilə Putinlə guya anlaşmaqla əslində həyatının səhvinə yol verdi. O, Putin rejimini çox yaxından tanıyan bir adam idi. Onun bu anlaşmaya necə razılaşması da bir az müəmmalı qaldı. Hər halda o bilməliydi ki, uyğun bir zamanda onu aradan götürməyə çalışacaqlar. Xüsusən də dövlətin içərisində Şoyqu və Gerasimov kimi güclü düşmənlərinin olduğu bir şəraitdə bu, qaçılmaz idi.

Rusiya prezidenti Vladimir Putinin hər nə qədər yaxın keçmişdə Priqojin ilə çox yaxın münasibətləri olsa da, onun qaydalarını pozan şəxsləri hansı şəkildə cəzalandırdığı ötən illərin təcrübəsindən məlumdur. Hesab edirəm ki, iki ay öncə Priqojin həyatının xətasına yol verdi və bunun da bədəlini ödədi”.


Həm Rusiya, həm də Qərb mətbuatında yazılır ki, bu hadisənin Rusiya hakimiyyətinə müəyyən təsiri olacaq. Şahin Cəfərli deyir ki, bundan sonra hər kəs əmin olacaq ki, qaydaları pozan, ona zidd hərəkət edən, bu çərçivələrdən kənara çıxan istənilən insan mütləq cəzalanacaqdır:

“Dünənki hadisədən sonra hər kəs bir daha gördü ki, bu rejimin oyun qaydaları nədir və bu oyun qaydalarını pozan, kənara çıxan adamlar öz əməllərinin ağırlığından asılı olaraq mütləq cəzalandırılır. Yəni bu baxımdan Rusiyada hakimiyyət daxilində heç kim güvəndə deyil. Orda qarşılıqlı etimada əsaslanan normal insani münasibətlər yoxdur. Məhz mafiya qaydaları hökm sürür və bu baxımdan hətta Putinin ən yaxınındakı şəxslərin belə nə vaxtsa cəzalandırılmayacağının, bu şəkildə aradan götürülməyəcəyinin sığortası yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı