Mərkəzi Bankın sürpriz qərarı: Türk lirəsini nə gözləyir? - TƏHLİL

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı gözlənilməz şəkildə faizini kəskin artırıb. Bir neçə müddətdir iqtisadçılar Mərkəzi Bankın faizini 2,50 faiz bəndi artıraraq 17,50 faizdən 20 faizə qaldıracağını gözləsələr də, Türkiyə Mərkəzi Bankı radikal qərarla uçot dərəcəsinin faizini 7,50 faiz bəndi artıraraq 25 faizə çatdırdı.

Türk lirəsinin bahalaşmasına səbəb olan bu qərarla bağlı Metbuat.az-a danışan türkiyəli iqtisadçı-ekspert Mahfi Eyilmez bildirdi ki, kreditlərin bahalaşması ümumi tələbin azalması və işsizliyin artmasına səbəb olur:

“Bu artım yaxın keçmişdə tətbiq edilən yanlış pul siyasəti yanaşmasını düzəltməyə yönəlmiş tənzimləmələrin davamıdır. Faizlə inflyasiya əlaqəsinin düzgün qurulması və faiz siyasətinin inflyasiya üzərində tam təsirli olması üçün hələ çox addımlar atılmalıdır. Digər tərəfdən, bu son artım qərarı bazarlara sürpriz bir şəkildə təsir etdi. Mərkəzi Bankın banklara qısamüddətli kreditlər verməklə təmin etdiyi resursların ümumi bank resurslarında payı 15 faiz civarındadır.

Türkiyə Mərkəzi Bankı bu faiz artımı ilə pul siyasətini sərtləşdirəcəyi mesajını verməsi nəticəsində banklar yaxın aylarda likvidliyə çatmağın daha çətin və baha başa gələcəyini təxmin edirəm. Bunun nəticəsində, banklar əvvəlcədən daha çox vəsait cəlb etmək üçün depozit faizlərini artırmağa başlayacaqlar. Mərkəzi bank uçot dərəcəsini artırdıqda ölkədə pul bahalaşır, qənaətə meyl artır və tələb azalmağa başlayır. Təbii ki, resurs xərclərinin bu artımları bankların kredit faizlərini artırmasına səbəb olur.

Mərkəzi Bankın uçot dərəcəsini 25-ə yüksəltməsinin ilk nəticəsi TL-ni xarici valyutalar qarşısında bahalaşdırdı. Bazarda Mərkəzi Bankın faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı fikir formalaşması ilə xarici valyutaya tələbdə azalma tendensiyası yaranıb. Digər təsirlər zamanla ortaya çıxacaq”.

İqtisadçı-ekspert Günay Hüseynova da durmadan artan inflyasiyanın qabağına keçmək üçün Türkiyə Mərkəzi Bankının bu addımı atmasının gözlənilən olduğunu qeyd etdi. Ekspert bunun səbəbini daxili tələb, qiymətlər, valyutaya bağlı olan iqtisadi təzyiqlər, vergi sahəsindəki islahatlar, yanacaq qiymətlərindəki dəyişimlər, inflyasiyanın surətinin endirilməsinə dair islahatlarla əlaqələndirdi:

“Bu göstəriciləri faiz ilə inflyasiya baxımından dəyərləndirsək görərik ki, inflyasiya gözləntiləri və qiymətlər arasında əlaqələndirmə var. Türkiyə Mərkəzi bankının bu qərarı hal-hazırda qısa müddətli inflyasiyanın artım tempini müəyyən pilləyə düşürənə qədər davam edə bilər. Uçot dərəcəsinin artımı bazar iştirakçıları üçün müəyyən müddətli motivasiya xarakteri daşıyır. Burada əsas hədəf alıcılıq qabiliyyətinin yüksəlməsi, sahibkar və vətəndaşda inam yaratmaqdır. Dəfələrlə artan valyutaya qarşı uçot dərəcəsi endirilsə də, əhalinin alıcılıq qabiliyyəti və artan qiymətlər tərs mütənasib olur. Ümumiyyətlə, seçkilərdən sonraki iqtisadi prosedurları baş verəcək iqtisadi çöküşə doğru qabaqlayıcı tədbirlər olaraq qiymətləndirə bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı