Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlandı

Milli Hematologiya və Transfuziologiya Mərkəzində rəsmi qeydiyyatda olan 3 mindən artıq hemoqlobinopatiyalı xəstə var. Profilaktik və maarifləndirici tədbirlər nəticəsində ötən illərlə müqayisədə yeni doğulan talassemiyalı xəstələrin sayında ciddi şəkildə azalma müşahidə olunur.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyeva deyib. O qeyd edib ki, azalma prosesində genetik konsultasiya və prenatal diaqnostikanın rolu olduqca böyükdür. Hamiləliyin 14-16-cı həftəliyində aparılan müayinə nəticəsində dölün sağlam, daşıyıcı və ya talassemiya xəstəsi olduğunu aşkarlamaq mümkündür.

“Talassemiya genetik defekt nəticəsində yaranan və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Anadangəlmə xəstəlik olaraq iki daşıyıcının nikahı nəticəsində doğulan uşaqlarda rast gəlinə bilər. Talassemiya daşıyıcılığı adətən təsadüfi müayinə və ya skrininq zamanı aşkarlanır. Əksər hallarda heç bir klinik əlaməti olmur. Əgər nikaha daxil olacaq şəxslərin birində talassemiya daşıyıcılığı varsa, doğulacaq uşaqların 50 faiz halda sağlam, 50 faiz halda isə daşıyıcı olma ehtimalı var. Əgər hər ikisində talassemiya daşıyıcılığı varsa, doğulacaq uşaqların 25 faiz halda sağlam, 50 faiz halda daşıyıcı, 25 faiz halda xəstə olma ehtimalı mövcuddur. Xəstəlik adətən həyatın erkən dövrlərində (1 yaşa qədər) qanazlığı, ümumi zəiflik, iştahasızlıq, inkişafdan geri qalma, tez-tez infeksion xəstəliklərə yoluxma, dəri, görünən selikli qişaların solğunluğu və ikterikliyi, qaraciyər və dalaqda böyümə kimi əlamətlərlə özünü büruzə verir. Hb elektrofrezi analizi ilə diaqnoz dəqiqləşdirilir.

Xəstəliyin yeganə radikal müalicə metodu sümük iliyinin transplantasıyasıdır. 2014-cü ildən etibarən bu müalicə üsulu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində Dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu günə qədər 150-dən artıq xəstə tam toxuma uyğunluğu olan donordan transplantasiya olunub. Nəticələr olduqca qənaətbəxşdir. Lakin əsas hədəfimiz gələcəkdə illik donor bankı qurmaqla Dünya Donor Bankı üzv ölkələrindən olmaqdır", - deyə mütəxəssis bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR