Ombudsman Laçında saxlanılan erməni futbolçularla görüşdü

Ombudsman Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən keçirilən növbəti başçəkmədə məqsəd inzibati qaydada həbs edilmiş şəxslərin saxlanma şəraiti, onlarla rəftar və hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

Metbuat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Bildirilib ki, MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan 3 nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan da qəbul edilib.

Ombudsman konfidensial qəbul zamanı həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.

Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib.

İnzibati qaydada həbs edilmiş şəxslərə hüquqları, Azərbaycan Ombudsmanının səlahiyyətləri izah edilib, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər, öz dillərində insan hüquqları sahəsində qanunvericilik aktları və beynəlxalq sənədlər təqdim edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər Azərbaycan bayrağını təhqir edərək, bunu əks etdirən görüntüləri sosial şəbəkələrdə yayıblar. İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan hüdudlarından kənara çıxarılması təmin olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR