KİV-də uşaq hüquqlarının pozulmasına görə yaranan məsuliyyət

Uşaqlar haqqında informasiya yayımının şərtləri

KİV-də uşaq hüquqlarının qorunması, uşaqların mənafelərinin diqqətdə saxlanması üçün media sahəsində mövcud olan qanunlara xüsusi müddəalar daxil edilmişdir. KİV-in fəaliyyətini tənzimləyən əsas qanunda - “Media haqqında” Qanunun 14-cü maddəsində göstərilir: “KİV “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir (14.1.15). Qnunun tələblərindən biri budur ki, yetkinlik yaşına çatmayan şəxs şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş qismində tanınırsa, onun şəxsiyyəti barədə hər hansı məlumatlar valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan yayıla bilməz”.

“Media haqqında” Qanunun 9-cu fəsil, 74-cü maddəsində isə bu prinsiplərin pozulmasına görə müəyyən edilmiş məsuliyyət əks olunub. Həmin maddəyə əsasən, açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamaq kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə kimi qiymətləndirilir. Buna görə KİV-in və jurnalistin məsuliyyət daşıdığını bildirir. Qeyd edilən hala görə məsuliyyət İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət kimi müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinin 0.1. bəndində “açıqlanması qanunla qadağan edilən məlumatları açıqlamağ”ın inzibati məsuliyyət yaratdığı göstərilir. Bu halda fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

Uşaqların fərdi məlumatlarının KİV-də yayılması

Media sahəsində önəmli qanunlardan biri olan “İnformasiya əldə etmək azadlığı haqqında” Qanunun 38-ci maddəsi də fərdi məlumatlar başlığı altında uşaq hüquqlarına toxunan məqamlara diqqət çəkir. Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Övladlığa götürmə ilə bağlı məlumatlar da fərdi məlumat kimi nəzərdə tutulur, yayılmasına məhdudiyyətlər qoyulan şəxsi həyat bilgisi kimi qorunur. Bu məlumatlar KİV-də də yayıla bilməz.

“Fərdi məlumatlar haqqında” Qanunun 8-ci maddəsində şəxsin özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə razılıq verilməsi nəzərdə tutulur. Yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilə bilər. Digər hallarda belə məlumatlar yalnız şəxsin özü tərəfindən verilən razılıqla işlənə bilər.

İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsi fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə müəyyən olunan inzibati məsuliyyəti göstərir. Bu normaların pozulmasına görə inzibati cərimə üç yüz manatdan beş yüz manatadək məbləğdə müəyyən edilib.

KİV-də yayımlanan reklamlar və uşaq hüquqları

Müasir dünyada uşaqların ən ciddi təsirləndiyi hallardan biri də reklam yayınlarıdır. Bəzən uşaqların şüuraltına qəsdən təsir edən reklamlar hazırlanaraq, yayılır. Qanunvericilik bunu önləmək məqsədi ilə müəyyən normalar nəzərdə tutub. Qanunda göstərilir ki, “Televiziya reklamları uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına zərərli təsir göstərməməlidir. Bunun üçün həmin reklamlarda aşağıdakı tələblərə əməl olunmalıdır:

- uşaqlara və yetkinlik yaşına çatmayanlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına ciddi zərbə vuran elementlərdən istifadə olunmamalıdır;

- tutarlı səbəblər olmadan, uşaqlar və yetkinlik yaşına çatmayanlar qorxulu vəziyyətlərdə göstərilməməlidir.

Qanunda, ayıca olaraq, uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir. Bu kontekstdə məhz reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi bu vəziyyətə həsr edilib.

384-cü maddə yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən, kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün məsuliyyət müəyyən edir. Müəyyən edilmiş xüsusi qaydaları pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlamalıdır. Əgər bunu etməzlərsə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 213-cü maddəsi körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, süni qida məhsullarının reklamında ana südünün üstünlüyünün qeyd olunmamasına, uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin həvəsləndirilməsinə görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilirlər.

Növbəti məqaləmizdə İnternet informasiya resurslarında – sosial şəbəkələrdəuşaqlar haqqında informasiya yayımını məhdudlaşdıran şərtlər barədə məlumat veriləcək.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi
tərəfindən, Murad Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.


Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində yetkinlik yaşına çatmayanlar haqqında informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI