20 Yanvar şəhidlərinin xatirəsi Stokholmda da anılıb

16:08 19 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+


Stokholm, 19 yanvar, AzərTAc
Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə İsveç Azərbaycan Federasiyası tərəfindən Stokholmda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.
İsveç Azərbaycan Federasiyasının rəhbəri Səttar Sevgin 1990-cı il yanvarın 20-nin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyib. Qeyd edib ki, 25 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşun birləşmələri Bakının küçələrinə və meydanlarına çıxaraq sovet hökumətinin siyasətinə öz qəti etirazını bildirən Azərbaycan xalqına qarşı hərbi əməliyyatlar aparıb. Bunun nəticəsində isə yüzlərlə silahsız insan qətlə yetirilib.
Tədbirdə çıxış edən Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov 20 Yanvar hadisələrinin tarixindən söhbət açıb. Qeyd edib ki, ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə Vətən uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
20 Yanvar hadisələrinin hüquqi aspektindən söz açan səfir bu faciənin mahiyyətinə görə dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı olduğunu qeyd edib. Səfir deyib: “Bu qanlı qırğın keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması demək idi. O gecə keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarının bir sıra müddəalarını pozub”.
Səfir həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini xatırladıb, xalqımızın başına gətirilən müsibətin dünyaya çatdırılmasında və buna lazımi qiymətin verilməsində dahi şəxsiyyətin rolunu vurğuladı. O, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini və bu cinayəti törədənlərin adlarının ictimaiyyətə açıqlandığını bildirib.
A.Məmmədov vurğulayıb ki, Bakını hərbi əməliyyat səhnəsinə çevirən keçmiş sovet hərbçiləri Azərbaycanda törətdikləri qanlı qırğından 25 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır. Hər il yanvarın 20-də on minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad edir.
Digər çıxış edənlər bu qanlı qırğının Azərbaycan xalqının iradəsini qıra və azadlıq eşqini söndürə bilmədiyini qeyd ediblər. Qanı bahasına olsa da, nəticədə Azərbaycan xalqının öz istəyinə - azadlıq və müstəqilliyinə qovuşduğunu vurğulayıblar.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_xatiresi_Stokholmda_da_anilib-825776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR