Azərbaycanda dövlət satınalmaları ilə bağlı arayışın verilməsi elektronlaşdırılıb

Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə verilən arayış elektronlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Arayış sahibkarlara Dövlət Vergi Xidməti tərəfindən verilir.

Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Vergi Xidməti ilə birlikdə dövlət satınalmalarında iştirak edən sahibkarlara qeyd olunan arayışın dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə verilməsi üçün inteqrasiyanı yekunlaşdırıb.

Artıq “etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək və real vaxt rejimində dərhal təqdim olunacaq.

Arayışın elektronlaşdırılması dövlət satınalmalarında iştirak edən sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, təqdim edilən arayışın Qanunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək.

Sahibkarlar arayışın təqdim edilməsinə dair daha ətraflı məlumatı “etender.gov.az” portalının təlimatlar bölməsinə yerləşdirilmiş müvafiq təlimatla tanış olmaqla əldə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR