"Deyirdilər guya atam başqa qadınla görüşür" - Səyavuş Aslanın oğlu

"Atam ad gününü keçirtməyi xoşlamazdı. Yalnız yubileyi olanda tədbir edərdi. Mən də atama oxşamışam, ad günü keçirtməyi sevmirəm. Atam səhnədə elə bir obraz yaratdı ki, səsi gələn kimi hamının üzündə təbəssüm yaranır. Həyatda, evdə, ailədə ciddi idi. Tam fərqli bir insan idi. Atamı evdə deyib-gülən görməzdik. Amma onun sözlərinə biz gülürdük. O, ciddi bir söz deyirdi, biz isə gülürdük".

Metbuat.az "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan "Sabahın xeyr, Azərbaycan!” verilişində deyib. O, atası ilə bağlı xatirələrindən danışıb:

"Atam məni uşaqlıq illərində çox qoruyurdu. Onunla bütün qastrol səfərlərində iştirak etmişəm. Atam hara gedirdisə, məni də özü ilə aparırdı. Mənim ikinci atam Yaşar Nuri idi. Çünki atam məni çox zaman Yaşar müəllimə tapşırırdı ki, ona bax. Yaşar müəllim də məni bulvara aparıb, gəzdirirdi. Üzərimdə onun zəhməti böyükdür. Qrim otağında çox zaman otururdum. Orada hamı atamın başına dolanırdı. Mən də fəxrlə oturub, "Siyavuşun oğluyam" deyirdim".

Anası, aktrisa Ofeliya Aslanla atasının münasibətlərindən bəhs edən E.Aslan bildirib ki, valideynlərinin ayrılmasına səbəb dedi-qodular olub:

"Atamla-anamın məhəbbəti hər insana örnək idi. Onların arasında olan sevgiyə hamı qibtə və paxıllıq edirdi. Atam və anam teatra gələndə qol-qola girib, gələrdilər. Maraqlı geyim tərzləri vardı. Bir-birinə qarşı böyük məhəbbət və qayğı hiss edirdilər. Çox yaraşıqlı insanlar idi. Hamı onlara baxıb, barmaqla göstərirdi.

Sonra da yayılan şayiələr və dedi-qodular böyük problemlər yaratdı. Deyirdilər ki, güya atam başqa qadınla görüşür, sağa-sola gedir. Onlar haqda qeybət edirdilər. Arxasınca danışırdılar. Anam atamı çox qısqanırdı. O, bu söhbətlərə dözə bilmirdi. Ona görə də aləm qarışdı bir-birinə. Valideynlərim elə bu söz-söhbətlərə görə, ayrıldılar.

Ayrılsalar da onlar son nəfəslərinə qədər bir-birilərini sevirdilər. Son nəfəslərinə qədər də bir yerdə idilər. Sənətdə ayrıldılar, amma həyatda deyil. Valideynlərimin üstümdə çox böyük zəhmətləri var. İstəyirdilər ki, mən düz yolda olum, ali təhsil alım. Ona görə də, onlar ayrılmalarını çox ehtiyatla söylədilər".

Qeyd edək ki, O.Aslan 2010, S.Aslan isə 2013-cü ildə vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR