"Nə Kiyev, nə də Moskva müharibə istəmir" - Sülhü ləngidən kimdir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, Ukraynadakı müharibə üçün üfüqdə sülh görünmür. Müharibə ilə bağlı Türkiyənin ilk gündən diplomatiya mövqeyində olduğunu ifadə edən Ərdoğan onu da qeyd etmişdi ki, Ankara əsir mübadiləsi kimi məsələlərdə olduğu kimi vasitəçiliyini davam etdirəcək.

Türkiyə liderinin açıqlamasını Metbuat.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Ərdoğanın bu açıqlaması hər şeydən əvvəl Soçi görüşünün arzuolunan səviyyədə keçmədiyini göstərir:

“Artıq Türkiyənin proseslərə təsir imkanı zəifləyir, Qərbin, xüsusilə ABŞ-nin Ukraynadakı müharibəyə təsir imkanları artır. ABŞ Ukraynadakı müharibənin dirijoru olsa da, pərdə arxasında Ukraynanı silahlandırmaqla müharibəni davam etdirməyə sövq edir. Müharibə nə Kiyevin, nə də Moskvanın əlindədir. Ola bilər ki, Ukrayna prezidenti Volodimir Zelinskinin ürəyindən sülh keçsin, amma iradəsi öz əlində deyil. Çünki ABŞ sülh prosesində maraqlı deyil. Onlar Zelenskini müxtəlif yollarla şantaj edərək sülh istəyindən uzaqlaşdırırlar”.

Rusiya prezidenti Vladimir Putinin də iki ölkə arasında il yarımdan çox davam edən müharibənin bitməsinə və sülh bağlanmasına maraqlı olduğunu qeyd edən ekspert hesab edir ki, Kreml rəhbəri buna nail ola bilməz:

“ABŞ Ukraynanı Moskvanı, Sankt-Peterburqu vurmaq üçün silahlandırır. Belə olan halda Putin sülh masasına otura bilməyəcək. Bu nöqteyi-nəzərdən hazırda sülh Ukrayna və Rusiyadan asılı deyil. Ərdoğan da bunu başa düşür. Əgər bundan sonra Türkiyə vasitəçi kimi səylərini davam etdirmək istəyirsə, fikrimcə, bu barədə ABŞ prezidenti Cozef Baydenlə danışmalıdır. Amma nəticənin əldə olunması üçün danışıqlar bir istiqamətdə, yəni Ukraynadakı müharibə kontekstində olmalıdır.

Müzakirələrdə İsveçin NATO üzvlüyü,Yaxın Şərq məsələsi gündəmə gələcək və artıq alış-veriş ola bilər. Ərdoğan həqiqətən də Ukrayna üçün sülh istəyirsə, tərəflər bu və ya digər məsələdə bir-birilərinin maraqlarını nəzərə almaqla müzakirələrə başlaya bilərlər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı