Hacıyevin İsrailə ani səfəri: Hansı məsələlər müzakirə edildi?

“Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə səfəri Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsinə yönəlmişdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq bildirdi ki, tərəflər arasında baş tutan görüşdə bir çox sahələrdə münasibətlərin yüksək həddə olduğunun vurğulandığı müzakirələrdə ən aparıcı rolu məhz hərbi texniki əməkdaşlıq və təhlükəsizlik sahəsində məsləhətləşmələr təşkil edib.

“Səfər çərçivəsində siyasi, hərbi təhlükəsizlik məsələləri üzrə ən mühüm şəxslər Hikmət Hacıyevi qəbul edib. Bu görüşlərdə əsas müzakirə mövzusu İsrail-Azərbaycan münasibətləri, eləcə də Ermənistanın bölgədəki aqressiv və təcavüzkar niyyəti masaya yatırılıb. Bildiyiniz kimi, İsraillə Azərbaycan arasında tarixi münasibətlər mövcuddur. Burada yaşayan yəhudilər özlərini tolerant mühitdə hiss edirlər. Elə Bakı ilə Təl-Əviv arasında münasibətlərin əsas bazası da bu münasibətlərin üzərinədir.

İsrail Azərbaycanın mühüm silah təchizatçısıdır. Bu, İsrail üçün çox prinsipial məqamdır. İsrailin istehsal etdiyi silahlar dünyada nümunəvi sayılır və müasir texnologiyalar üçün intellekt əsasında fəaliyyət göstərir. Azərbaycan da məhz bu yeni innovasiyalara, yeni müasir yanaşmalara çox müsbət baxış sərgiləyir”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində İsrail istehsalı olan silahların Azərbaycanın qələbəsində mühüm rol oynadığını ifadə edən İlyas Hüseynov hesab edir ki, Qarabağda vəziyyətin gərginləşməsi fonunda bu səfər Azərbaycanın preventiv tədbirlər görülməsi təəssüratını formalaşdırır.

“Ermənistan hazırda Hindistan və İran vasitəsilə silahlandırılır. Azərbaycan bu barədə çox ciddi düşünməlidir. Əlbəttə, bölgədə böyük bir müharibənin qarşısını almaq üçün Azərbaycan hər zaman öz təşəbbüslərini irəli sürüb, qlobal savaşlar üçün meydança yaratmaq niyyətlərini də heçə endirib. Qarşıdakı vaxtda Azərbaycan bölgənin təhlükəsizliyi nöqteyi-nəzərdən çox mühüm addımlar atacaqdır. Azərbaycan beynəlxalq antiterror koalisiyasının ən önəmli üzvlərindən biridir. Azərbaycanın məhz antiterror əməliyyatları həyata keçirməsi və lokal şəkildə təhlükəsizliyin təmin olunması haqqında fikirlər dəfələrlə səslənmişdir. Əgər hərbi seqmentdə fəallıq hiss olunacaqsa və milli maraqlarımıza qarşı qəsd həyata keçiriləcəksə Azərbaycanın cavabları kəskin, tutarlı və çox sərt olacaqdır”".

Politoloq Turan Rzayev isə düşünür ki, son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması və təxribatların intensivləşməsi Hacıyevin keçirdiyi görüşlərdə nələrin müzakirə olunduğuna dair ipucları verir:


"Ronen Levi ilə görüşdə ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edilib. Prinsip etibarilə Azərbaycan-İsrail münasibətləri hərbi-siyasi, iqtisadi-diplomatik və digər sahələrdə yükək səviyyədə inkişaf edir. Aydın məsələdir ki, H.Hacıyev Ronen Leviyə bunu xatırlatmaq üçün İsrailə getməyib. Məsələ ondadır ki, Araik Arutyunyanın “istefası”ndan sonra Xankəndi və ətraf ərazilərdəki separatçılar arasında böhran dərinləşir. Bu, rəsmi Bakının əraziyə nəzarəti tam ələ keçirməsi baxımdan ideal fürsətdir. Yəni “seçki” zamanı və ya sonrasında vəziyyət silahlı insidentə keçərsə, Bakının Xankəndiyə müdaxiləsi baş tuta bilər. Ermənistan silahlı qüvvələrinin 1 sentyabr təxribatlarına Azərbaycan tərəfi layiqli cavab versə də, aydın məsələdir ki, bu təxribatların ardı gələcək.

Buna görə də rəsmi Bakı ehtimal ssenarilərə qarşı qabaqlayıcı tədbirlər görür. Həm Ermənistanın şərti dövlət sərhədində təxribatları və Azərbaycanın buna verəcəyi cavab fonunda, həm də Bakının Xankəndiyə müdaxilə ehtimalı halında regionda gərginlik yenidən pik həddə çata bilər. Rəsmi Bakı belə olan təqdirdə Ermənistanın dezinformasiyalara əl atacağı və dünya miqyasında başladacağı ehtimal kampaniyaların qarşısını almaqdan ötrü diplomatik təmasları intensivləşdirib. Mümkündür ki, H.Hacıyev Ronen Levi ilə bu məsələləri müzakirə edib."

Siyasi şərhçi Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında bildirdi ki, o Hikmət Hacıyevin İsrailə səfərinin gözlənilməz xarakter daşımadığını düşünür:


“Azərbaycanın İsraillə çox yaxın münasibətləri mövcuddur. Son vaxtlar bu münasibətlər strateji tərəfdaşlığa qədər inkişaf etməyə başlayıb. İsrailin dövlət rəhbərliyinə daxil olan yüksək rütbəli şəxslər də vaxtaşırı Azərbaycana rəsmi səfərlər edirlər. İsrail dövləti Azərbaycanda yəhudilərin əmin-amanlıq şəraitində yaşamasından da tamamilə məmnun görünür və bunu hər imkanda vurğulayır.

Ancaq Hikmət Hacıyevin İsrailə səfərini Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqələndirilməsi yanlış olardı. Çünki rəsmi Bakı öz daxili problemlərini başqa ölkələr ilə müzakirə etmir. Qarabağda yaşayan erməni azlığının reinteqrasiya prosesi də Azərbaycanın daxili işidir. Böyük ehtimalla Hikmət Hacıyevin İsrailə səfəri daha çox iki ölkə arasında mövcud olan münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi daşımış ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR