Naxçıvana nazir təyin edilən Rahid Ələkbərli kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.

Metbuat.az xəbər verir ki, Rahid Ələkbərlinin 1994–1998-ci illərdə Azərbaycan Texniki Universitetində Radioelektron vasitələrinin konstruksiyası və texnologiyası ixtisası üzrə bakalavr ali təhsili alıb.

1998–2000-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib.

Azərbaycan Milli Elmlər Akademiyasının 2000–2002-ci illərdə Fotoelektronika İnstitutunda, 2002–2003-cü illərdə isə Fizika İnstitutunda elmi tədqiqat mühəndisi kimi "Fiziki proseslərin avtomatlaşdırılması" ixtisası üzrə aspirantura təhsili alıb.

Bundan başqa, 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif mövzularda elmi araşdırmalarını davam etdirir.

2017–2020-ci illərdə Liverpul Universitetində "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2020-ci ildə bu universitetdə "Developing A Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example" adlı elmi iş müdafiə edərək informasiya texnologiyaları üzrə magistr pilləsini yüksək nəticələrlə bitirib.

2021-2023-ci illərdə Amerika Birləşmiş Ştatlarının Volden Universitetində "Xəzər hövzəsi nəqliyyat qovşaqlarında Big Data İdarəçiliyi ilə korporativ idarəşilik arasında uyğunluğun tənzimlənməsi" mövzusunda "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə Fəlsəfə magistri elmi dərəcəsi qazanıb.

Hazırda Volden Universitetində Big Data və kibertəhlükəsizlik idarəçiliyi üzrə çərçivə prinsiplərinin hazırlanması istiqamətində elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur. İnformasiya Sistemləri İdarəçiliyi üzrə fəlsəfə doktoru dərəcəsinə namizəddir.

Əmək fəaliyyətinə gəlincə, nazir təyin olunandan əvvəl Rahid Əkbərli “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş informasiya direktoru olub.

O həmçinin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin keçmiş sədri (2022), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022), ARNRYTN-in Dövlət Radiotezliklər İdarəsinin rəisi (2018–2021) olub.

2009-cu ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR