“Azərbaycanın tezliklə Xankəndi və Ermənistanla bağlı addım atacağı mümkün görünür. Ermənilərin anti-sülh addımlarına cavab kimi Azərbaycanın hərbi hücumunun alqoritmi kifayət qədər aydın notlara köçür. Baş verənlərə Rusiya, İsrail, İran və Türkiyə kontekstində baxsaq, fərqli mənalar çıxa bilər”.
Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli bildirib. Rəsmi Bakının Qarabağın "dövlət qurumlarının", Prezident Administrasiyasının, Milli Assambleyanın ləğvini tələb etdiyini qeyd edən politoloq deyir ki, Azərbaycanın separatçı parlamentin yeni prezidenti seçməsinə mane olmaq üçün separatçılara qarşı hərbi əməliyyat keçirmək və bununla da Qarabağda dövlət sisteminin dağılmasına başlaması ehtimalı var:
“Ermənistan-Azərbaycan sərhədi və Qarabağ zonasında qoşun və hərbi texnikanın toplanmasına paralel olaraq, Azərbaycan artıq Qarabağ ermənilərinə belə tələblər irəli sürdüyü istina deyil. Azərbaycan uzun müddətdir haqlı, ədalətli olduğuna dair mövqeyini ABŞ, Avropa İttifaqı və digər ölkələrin diplomatlarına təqdim edib. Azərbaycan bəyan edir ki, Ermənistanın Qarabağda 10 min əsgərdən ibarət hərbi dəstələri var. Bakı tələb edir ki, 10 noyabr 2020-ci il tarixli bəyanatla Ermənistan Dağlıq Qarabağı tərki-silah etmək öhdəliyi götürüb. İrəvan isə iddia ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində silahlı qüvvələr yoxdur.
Azərbaycan Ermənistandan Qarabağa verilən hərbi maliyyə yardımını əsas gətirir, Ermənistan isə iddia edir ki, bu, dövlətlərarası kreditdir. İrəvan qanunsuz silahlı qrupları maliyyələşdirərək, bunu guya müharibəsi nəticəsində evlərinə ziyan dəyənləri mənzillə təmin etmək və ağır sosial vəziyyətdən çıxmaq üçün Qarabağa ayrıldığını qeyd edir. Azərbaycan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri ilə bağlı daxili suverenlik haqqı ilə yanaşaraq yerli ermənilərlə öz vətəndaşlarına şamil etdiyi hüquqları tanıyır. Azərbaycan müharibəyə başlamaq istəmir. Hüquq və danışıq, inteqrasiya təklif edir. Amma ermənilər danışmaq şansından terror məqsədi kimi istifadə edir və nəticədə ultimatumla üzbəüz qalır. Təbiidir ki, arxasında dünya erməni gücünü hiss edən Xankəndi inteqrasiya planı ilə razılaşmayacaq.
Bakı bəyan edir ki, Xankəndi separatçıları onun konstruktiv təkliflərini qəbul etmir, ona görə də, Azərbaycan bölgə üzərində Azərbaycanın nəzarətini bərqərar etmək üçün hərbi əməliyyata başlamağa məcburdur. Müharibədən əvvəl Azərbaycan da bildirir ki, Ermənistan tərəfinin Qarabağda ağır hərbi texnikası var və mina qoymağa davam edir, minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmir, kütləvi məzarlıq yerlərini açıqlamır”.
Bu vəziyyətdə Kremlin mövqeyi ilə bağlı danışan Əziz Əlibəyli xatırlatdı ki, Cənubi Qafqazda mövqeləri zəifləyən Rusiyanın istəyi Ermənistanın suveren ərazilərini nəzarətə almaq olub. O hesab edir ki, Rusiya üçün hansısa toqquşma Ermənistan-Azərbaycan sərhədinə qoşun yeritməyə fürsətə çevirə bilər:
“2022-ci ilin oktyabrından başlayaraq Aİ müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi Rusiyada böyük narazılıq yaradıb.
Ermənistan Moskvanın təklifini rədd etdi və KTMT müşahidəçilərini yerləşdirməkdən imtina etdi. Xatırladım ki, 9 noyabr 2020-ci il tarixli elanın ilkin variantında Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlılarının Sünikdə, Mehri sektorunda yerləşdirilməli olduğu bildirilirdi. Bu Rusiyanın təklifi idi, lakin Ermənistanın tələbi ilə rus sülhməramlılarının yerləşdirilməsi ilə bağlı bənd çıxarıldı, ona görə də ruslar Sünikdə yerləşdirilmədi.
Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının statusu dəyişib. Bu səbəbdən Rusiya Laçın Dəhlizinin bağlanmasında Ermənistanı günahlandırır. 2020-ci il noyabrın 9-dan sonra Vladimir Putin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və orada Rusiya sülhməramlıları yerləşdirildi. Ermənistan Lavrov planından da narazıdır, çünki Qarabağda Rusiya sülhməramlıları və ya hər hansı digər təhlükəsizlik mexanizmindən bəhs edilmir”.
Gülbəniz Hüseynli / Metbuat.az