Son proseslər Tehranın Bakıya münasibətini dəyişəcək? - ŞƏRH

Xəbər verdiyimiz kimi, İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi İranın Azərbaycanla sərhəddə hərbi texnika topladığı iddiasının əsassız olduğunu deyib. Səfər çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşən Əhədi ilə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib.

Uzun müddətdir Ermənistanı silahlandıran, ona “dostluq oyunu” sərgiləyən İranın Azərbaycana qarşı aqressiv ritorikası da bəllidir. Hazırda Qərbə doğru meyillənən Ermənistanın Azərbaycanla gərginlik yaşayacağı təqdirdə İranın hansı mövqedə dayanacağı da sual yaradan məsələdir.

Bu barədə Metbuat.az-a açıqlama verən STM-in sektor müdiri, politoloq Tural İsmayılov bildirdi ki, İran-Azərbaycan münasibətlərinin korlanmasının ən böyük günahkarı olan rəsmi Tehran Bakı ilə münasibətləri səbəbsiz korladı. Ekspert deyir ki, ölkəmiz əleyhinə, beynəlxalq iyrənc kampaniyalarda iştirak edən İranın bu addımları vəziyyətin daha da gərginləşməsinə gətirib çıxardı:


“İranda Azərbaycan əleyhinə aparılan dezinformasiya kampaniyası bir gün, bir an olsun belə dayanmayıb. Hesab edirəm ki, bu tip hadisələrdə biz heç bir formada İrana güvənə bilmərik. Amma eyni zamanda İranın son dövrlər Azərbaycanla bağlı pozitiv açıqlamalar verməsi də diqqətdən yayınmır. İran Ermənistandakı Soroscu hakimiyyətin nəyə qadir olduğunu dərk edə bilir. İran həm də bu gün Ermənistan ərazilərində Avropa İttifaqının mülki müşahidə missiyası altında mənzillənən qərb casus şəbəkəsinin, həm də İran əleyhinə Ermənistan ərazilərində kəşfiyyat-pozuçuluq fəaliyyəti apardığını da anlaya bilir. O baxımdan bu vəziyyəti dərk edən İranın Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdan başqa heç bir yolu qalmayıb”.

Bəs İrəvan-Vaşinqton yaxınlaşması İranın Azərbaycanla münasibətləri yenidən normallaşdırmaq üçün fürsət ola bilərmi? Bu suala cavab olaraq Tural İsmayılov bildirdi ki, ehtimallar hər zaman mümkündür.

“İrəvan Vaşinqton yaxınlaşması rəsmi Tehranı qıcıq edir. Azərbaycan və Türkiyə əleyhinə çıxışlar etdiyi üçün Ermənistana açıq şəkildə hansısa təhdidlər səsləndirə bilmir. Amma hər halda Azərbaycan tərəfindən iradə var. Azərbaycan İranla münasibətlərin heç vaxt gərginlik həddinə çatmasını istəməyib. Hesab edirəm ki, münasibətlər bundan sonra yaxşılaşa bilər”, - deyə müsahibimiz qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR