Qərbin nokaut planı: Rusiya İrəvana güzəşt etməyə məcburdur

ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2023” (“Qartal tərəfdaşı 2023”) birgə təlimləri başlayıb. Ermənistan KİV-nin məlumatına görə, təlimlərə sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar daxildir.

Rəsmi Moskva ABŞ tərəfi ilə Ermənistanda birgə hərbi təlimlərə öz mənfi reaksiyasını bildirib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ötən gün verdiyi açıqlamada bildirib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə deyil, ABŞ-la hərbi təlimlər keçirmək qərarı ciddi təhlil tələb edir:

“Ermənistanın məqsədlərini başa düşmək lazımdır. Moskva İrəvanın yaxın tərəfdaşı olub və olacaq. Problemlər ola bilər, amma onlar danışıqlar yolu ilə həll ediləcək. Həmçinin Ermənistanın KTMT-dən çıxması ilə bağlı İrəvandan heç bir rəsmi qərarı yoxdur”.

Kreml sözçüsünün fikirlərini Metbuat.az-a şərh edən politoloq Kənan Novruzov bildirdi ki, Peskovun açıqlaması Rusiyanın baş verən proseslərə qarşı soyuqqanlı göstərmək cəhdidir:

“Bildiyiniz kimi, son zamanlar Ermənistan rəsmilərinin, o cümlədən baş nazir Nikol Paşinyanın Rusiya haqqında səsləndirdiyi ittihamlar, Ermənistan-ABŞ birgə hərbi təlimlər və Rusiya Ermənistan arasında yaşanan gərginlik, Kremldə kifayət qədər narahatlıq yaradır. Ermənistan bir dövlət kim Rusiya üçün o qədər də əhəmiyyətli olmasa da, regionun ən zəif bəndi nöqteyi-nəzərdən Qərb üçün regiona təzyiq etmək alətidir. Rusiyanı qorxudan da budur. Qərb məhz Ermənistana təzyiq göstərməklə regiondakı mövqelərini möhkəmləndirməyə çalışır. Rusiya bütün imkanlarla çalışır ki, Ermənistanı əldən verməsin. Peskovun açıqlaması da Rusiyanın şirin dildən istifadə edərək Ermənistanı çox da qıcıqlandırmamaq mahiyyətini daşıyır. Çünki indiki məqamda Ermənistanı Qərbə yaxınlaşması Rusiya üçün çox qorxuludur”.


Ukraynada davam edən müharibə fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin tədricən zəiflədiyini xatırladan Kənan Novruzov hesab edir ki, Ermənistanın Rusiyanın əlindən çıxması ehtimalı Qərbin Kremlə nokaut zərbəsi sayıla bilər:

“Düşünürəm ki, tərəflər arasındakı gərginlik bir müddət davam edəcək. Ermənistanın iradəsi öz əlində deyil. Daha çox manevr etmək də rəsmi İrəvan üçün təzyiqdən başqa bir şey vəd etmir. Gələcəkdə bəlkə də Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanı devirməyə də cəhd edə bilər. Amma onu da nəzərdə saxlamaq lazımdır ki, hazırda Paşinyanın hakimiyyətdə qalmasını istəyən qüvvələr var. Paşinyanın gələcəkdə sələfləri kimi ruspərəst siyasətçilərlə əvəz olunmağı onların maraqlarına uyğun deyil”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR