Qərbi Azərbaycan İcması məlumat yaydı

Amerika Birləşmiş Ştatlarının bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir.

Bu barədə Metbuat.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, biz Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinkenin 10 sentyabr 2023-cü ildə verdiyi bəyanatı qeydə aldıq. O, bəyanatında Ermənistan və Azərbaycan arasında istənilən sülh razılaşmasının Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalı olduğunu vurğulayır və Bakı ilə Qarabağın sakinləri arasında dialoqa çağırış edir.

Biz çox təəssüf edirik ki, dövlət katibi Blinken Ermənistandan zorla qovulmuş azərbaycanlıların məsələsinə toxunmayıb. Məlumdur ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla çıxarıb və onları öz evlərinə qayıtmaq hüququndan məhrum etməkdə davam edir. Ermənistan bu məsələdə Qərbi Azərbaycan İcması ilə dialoqa belə razılıq verməyib.

Bunun əksinə olaraq, Azərbaycan 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra ermənilərin Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmışdır. Azərbaycan həmçinin Qarabağda yaşayan ermənilərlə təmaslar istiqamətində fəal addımlar atır və onları cəmiyyətə inteqrasiya etməyə çalışır. Bundan əlavə, ermənilər Qarabağ bölgəsindən kənar Azərbaycanın ərazilərində tamhüquqlu vətəndaş kimi yaşayırlar.

Bu konteksti nəzərə alsaq, ABŞ -ın bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarının qlobal miqyasda müdafiəsi ilə bağlı bəyan etdiyi sadiqliyinə ziddir. Bu ondan xəbər verir ki, ya ABŞ-ı etnik azərbaycanlıların insan hüquqları maraqlandırmır, ya da bu dövlət, əhali qrupunun etnik təmizləməyə məruz qalmasından sonra onun taleyi ilə maraqlanmağı dayandırır. Bu bizdə ciddi narahatlıq doğurur. Dövlət katibi Blinkenə məktubla müraciət etməyimizi və onun cavabsız qalmasını nəzərə alsaq, ABŞ hökumətinin bu mövqeyi xüsusilə məyusedicidir.

Biz təkidlə ABŞ hökumətini insan hüquqları məsələsində ayrı-seçkilik yanaşmasına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qanuni evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını dəstəkləməyə çağırırıq. Biz həmçinin ABŞ hökumətindən Ermənistan üzərində təsir imkanlarından istifadə edərək bu dövlətin bizim İcma ilə məzmunlu dialoq aparmağa başlamasını təmin etməyi xahiş edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR