"Şöhrət" ordeni alan 95 yaşlı Tofiq Ağababayev kimdir?

Xəbər verdiyimiz kimi, Tofiq Ağababayev Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Metbuat.az onun dosyesini təqdim edir:

Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi ailəsində anadan olub. Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub.

Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. "Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb ("Zorxana" və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda "Bahar" mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin "Abşeron qoruğu", "Bakı nefti cəbhəyə", "Meşəbəyi", "Torpağın nəfəsi", "May, 1945-ci il, Bakı" və s. dekorativ əsərləri diqqəti cəlb edir.

Yağlı boya ilə işlənmiş portretləri: "Tələbə qız" (1972); "Akademik Z.Bünyadov" (1978); "Akademik İ.Orucova" (1978); "Şah İsmayıl" (1988–89); "Ü.Hacıbəyov" (1992).

O, 1966-68-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. Bakı Sovetinin üzərində gerbin bərpası, Bakının simvolik açarının düzəldiməsi Tofiq Ağababayevin adı ilə bağlıdır.

Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri də rəssama məxsusdur.

O, 2007-ci ildə "Xalq rəssamı" adına layiq görülüb.

Son illər rəssam rəngkarlıqla çox ciddi məşğuldur. Belə əsərlərdən "Ümid rəngləri", "Sözsüz", "Yaz mahnısı", "Şərq motivi", "Yaz nəfəsi" adlarını çəkmək olar.

Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanada və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR