Regionda mürəkkəb vəziyyət: Sülhə maneə olan kimlərdir?

Son Brüssel görüşündən sonra Azərbaycan-Ermənistan arasında danışıqlar sanki dalana dirənib. Bir-birinin ardınca şərti sərhəddə törədilən təxribatlar, Rusiya sülhməramlıları arasında baş verən gərginliyi fonunda Ermənistan baş naziri Nikol Paşinyanın bir-birinə uyğun gəlməyən açıqlamaları regionda vəziyyəti daha da qəlizləşdirir.

Ümumiyyətlə, Nikol Paşinyanın müəmmalı hərəkətləri hansı addımların atılmasına hesablanıb?

Proseslərin mahiyyətini Metbuat.az-a şərh edən Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı bildirdi ki, regionda mürəkkəb vəziyyət yaranıb. Rusiyanın ciddi şəkildə vəziyyəti nəzarətə götürdüyünü qeyd edən Akif Nağının qənaətinə görə, Qarabağdakı separatçı terrorçu qrup Rusiyanın nəzarətindədir:

“Görünür, Rusiya orada ermənilərin, rejimin əli ilə hansısa təxribatlar törətməyə çalışır. Təsadüfi deyil ki, oradakı rejim ancaq Rusiya tərəfindən göndərilən yardımı qəbul etdi. Rusiya ola bilər ki, orada təxribat törətsin, qarşıdurma yaransın, amma bu da ermənilərin xeyrinə olmayacaq. Azərbaycan tərəfi istənilən təxribatın qarşısını almağa hazırdır. Yaranmış gərginlik Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Rusiya istədiyi siyasi qüvvəni hakimiyyətə gətirmək planları hazırlaya bilər.

Bildiyiniz kimi, Ermənistan açıq şəkildə Rusiyanın diqtəsinə qarşı müqavimət göstərməyə çalışır. Bu gücü də Qərbdən alır. Paşinyan hakimiyyəti Qərbin dəstəyi ilə nəyəsə nail olmağa çalışır, onların köməyinə ümid edir. Amerika da indiyə qədər görünməyən formada regionda fəallaşıb. Ermənistandakı ABŞ səfirliyi hərəkətə gətirilə bilər, əlavə qüvvələr də gətirilir. Bir neçə gündür hərbi təlimlərin keçirilməsi də bu dəstəyə bir nümunədir. Bütün bunlar Paşinyana Qərb tərəfindən ciddi bir dəstək vədi verildiyinə sübut ola bilər”.

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Bütün bunlara baxmayaraq Paşinyanın mövqeyinin hər an dəyişə biləcəyini vurğulayan müsahibimiz bildirdi ki, belə bir şəraitdə hansısa sülh müqaviləsinin imzalanması, danışıqların davam etdirilməsi mümkün görünmür:

“Ermənistan rəhbərliyi beynəlxalq ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır. Sülh danışıqlarının davam etməməsinə səbəblərdən biri də budur. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu günlərdə verdiyi açıqlamaların birində dedi ki, üçtərəfli işçi qrupunun Transqafqazda nəqliyyat kommunikasiyalarının qarşısının alınması ilə bağlı danışıqları davam edir, lakin təbii ki, hər hansı kəskinləşmələr həmişə bizim işimizə mənfi təsir göstərir, ləngidir.

Nə qədər ki, vəziyyət gərgindir, nə Brüssel görüşü, nə Moskva, nə də Vaşinqton prosesi irəli getməyəcək. Ortada Laçın yolu məsələsi var. Onun ətrafında ermənilər və onun havadarları çalışırlar ki, məsələni ermənilərin xeyrinə həll etsinlər. Hətta Ermənistan bir az da qabağa gedərək Laçın yolu üzərində tam hüquq əldə etmək istəyirlər. Azərbaycan təbii ki, bununla razılaşmayacaqdır. Bütün bu məsələlər həll olunandan sonra sülh prosesi ilə bağlı danışıqlar başlaya bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR