Ceyhun Bayramov İsveçrədə brifinq keçirdi

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) aparıcı media qurumları üçün brifinqi təşkil olunub.

Metbuat.az XİN-ə istinadən xəbər verir ki, brifinqdə çıxış edən nazir Ceyhun Bayramov, Azərbaycan Respublikasının xarici siyasət gündəliyində duran aktual məsələlər, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları ətraflı məlumatlandırıb, jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

Nazir 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqların fonunda ölkəmizin hazırki Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyinin təşəbbüskarı və irəli aparılmasında maraqlı tərəf olduğunu qeyd edib.

Dövlətlərarası istiqamətə paralel olaraq, ölkəmiz daxilində işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət aparıldığı bildirilib.

Ermənistanın ərazilərimizin işğalı nəticə yaratdığı qondarma rejimin 9 sentyabr tarixində “seçki” adı altında təxribatlarının erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbə olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, ölkəmizin konstruktiv mövqeyi və addımlarının qarşılığında Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlar törətməsinin, öhdəliklərinə zidd olaraq suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı davranış sərgiləməsinin, mina təhdidini davam etdirməsinin, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının müşahidə olunduğunu qeyd edib.

Ermənistanın Azərbaycan ərazilərindən hələ də çıxarmadığı erməni silahlı qüvvələrinin bölgədə sülh və təhlükəsizliyə təhdid olduğu vurğulanıb.

Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan yüklərin daşınması üçün paralel istifadə barədə razılıqlara baxmayaraq, Ermənistan tərəfi qondarma rejim vasitəsilə bu razılıqları yerinə yetirmədiyi xarici media nümayəndələrinin diqqətinə çatdırılıb.

Ermənistanın baş nazirinin qondarma rejimi 2 sentyabr tarixində təbrik etməsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sübutu olduğu vurğulanıb.

Münaqişənin başa çatmasının ilk günlərindən etibarən Azərbaycanın mövqeyinin və niyyətinin aydınlığına baxmayaraq, bir sıra beynəlxalq aktorların, habelə media orqanlarının Ermənistanın manipulyasiyalarına, o cümlədən Laçın yolu ətrafında vəziyyətlə bağlı “gərgin humanitar vəziyyət”, “blokada” iddialarına aldanıb ölkəmizə qarşı aparılan kampaniyanın alətinə çevrilməsinin təəssüf doğurduğu bildirilib.

Nazir Ceyhun Bayramov, bölgədəki vəziyyət və reallıqların düzgün, qərəzsiz şəkildə çatıdırılmasında beynəlxalq media qurumlarının və nümayəndələrinin məsuliyyətinin böyük olduğunu diqqətə çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR