Sosial şəbəkədə böyrəyini satmaq istəyənlər - Qanunla hansı cəzası var?

Son günlər sosial şəbəkələrdə daxili orqanlarını satmaq üçün elan yerləşdirən şəxslər bununla bağlı müxtəlif paylaşımlar edir. Hətta bunun üçün hüquqi yolları soruşan şəxslər var. Bəs bütün bunlar nə qədər real ola bilər?

Metbuat.az-a danışan hüquqşünas Səbuhi Axundov bildirib ki, öncəliklə Azərbaycanda orqan transplantasiyası qanunvericiliklə tənzimlənir:

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunda dövlətin nəzarət mexanizmi elə tənzimlənir. Transplantasiya ilə müvafiq komissiya var. Həmçinin transplantasiya ilə bağlı həkimlərin və donorun köçürülməsi üçün gözləyən şəxs də reyestrdən keçirilir. Qanunvericiliklə həm meyitdən, həm də canlı donordan transplantasiya həyata keçirmək mümkündür. Canlı donorlarda köçürülməsinə icazə verilən orqanlar var, bununla bağlı komissiya rəy verir. Komissiyanın qərarından sonra həm donor olan şəxsə, həm də donor gözləyən şəxsə məlumat verilir. Canlı donorlarda müəyyən məhdudiyyətlər var. 18 yaşdan kiçik (sümük iliyi, kök hüceyreləri istisna) və müəyyən xəstəliyi olan şəxslər donor ola bilməz. Qanunvericilikdə meyitdə donor orqanların götürülməsi da ayrıca fəsildir. Çünki burada razılıq məsələsi var".

Sosial şəbəkələrdə paylaşılan elanlara gəlincə, hüquqşünas qeyd edib ki, insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiya Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir:

"137.1 deyir ki, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnsanlara könüllü donor ola bilərsiniz, amma artıq alqı-satqı məsələyə qarışanda cinayət hesab olunur. Qanunvericiliklə yaradılan komissiya bunu müəyyən edir ki, burada alqı-satqıdır, yoxsa könüllü. Çünki insan orqanlarınını alqı-satıqısı ağır cinayətlərə səbəb olur. 137.3 isə şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə maddəsi ilə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Səbuhi Axundov bildirib ki, ümumi qanunvericiliyin tələbindən irəli gələn nəticə odur ki, şəxs donor kimi yalnız könüllü, eyni zamada qanunvericiliklə qeydiyyatdan keçərək və qanuni əsasla fəaliyyət göstərən həkim komissiyası tərəfindən rəyi alınmaqla donor ola bilər:

"Küçədə deyirlər ki, böyrəyimi satıram, bu, artıq cinayətdir. Həmçinin transplantasiya zamanı ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza var. Orqan alverini açıq buraxsalar, sağlam düzən pozulacaq".

Məsələyə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Rəşad Mahmudov da münasibət bildirib:

"Onu deyə bilərəm ki, ölkəmizin qanunvericiliyində hər hansı bir insanın orqanlarını başqa birisinə hər hansı bir maddi qarşılıq və ya başqa məqsədlə verməsi müzakirə predmeti deyil. Bu qanunla qəti şəkildə qadağan edilir. İnsanların həyatını itirdikdən sonra orqanlarının bağışlanması ilə əlaqədar yaşadığı zaman verə biləcəyi rəsmi sənəd ola bilər ki, bu da gələcəkdə ailəsi və birinci dərəcəli qohumları tərəfindən təsdiqləndiyi zaman istifadəsinə imkan verə bilir.

İkinci bir məsələ, hər bir insan öz istəyi qarşılığında öz yaxınlarına və ya uzaq qohumlarına, hürr iradəsi ilə onun həyati təhlükəsizliyini təmin etmək üçün orqanlarından birini sağlığında bağışlaya bilər. Əlbəttə ki, bunlar ölkəmizdə həm qanunvericilik, həm də Səhiyyə Nazirliyinin tərkibində Xüsusi Koordinasiya Şurası tərəfindən tənzimləyir. Bu gün birmənalı olaraq deyə bilərik ki, ölkəmizdə transplantasiyanın inkişafı ilə yanaşı bu günə qədər dünyada baş verən xoşagəlməz hadisələrin olmaması aidiyyəti orqanlar tərəfindən işlərin düzgün aparıldığının göstəricisidir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR