Azərbaycan neftinin bahalaşması davam edəcək? - Ekspertdən AÇIQLAMA

Son günlər Azərbaycan neftinin qiyməti artmağa davam edir. Bu gün dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,80 ABŞ dolları, yaxud 1,82 % artaraq 100,53 ABŞ dolları təşkil edib.

Metbuat.az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov deyir ki, neftin qiymətinin artmasına baxmayaraq dünyada baş verən proseslərlə əlaqədar qiymət artımı inflyasiya ilə ayaqlaşa bilmir:

"Neftin qiymətinin artması büdcə daxilolmalarına müsbət təsir edir. Amma bununla yanaşı unutmayaq ki, son illər ərzində dünya iqtisadiyyatında baş verən kəskin inflyasiya o qədər böyük sürət alıb ki, faktiki olaraq bu neft qiymətlərindəki artım onunla ayaqlaşa bilmir. Hazır məhsulların, texnologiyaların qiymətləri xeyli dərəcədə neft qiymətlərindən daha sürətli artır. Bu da neft ixracatçılarını kifayət qədər mürəkkəb vəziyyətdə qoymaqdadır.

Ona görə də, biz bir tərəfdən neftin ixracatından pul ifadəsində daha çox vəsait əldə edirik. Bunun özü heç də həmişə baş vermir. Çünki son aylarda qiymətlərin azalmasına şahid olurduq. Amma digər tərəfdən isə bizim əldə etdiyimiz texnologiyalar, idxal etdiyimiz hazır məhsullar kəskin qiymət artımına məruz qalır. Bu da, sözsüz ki, həm əhalinin iqtisadi durumuna, həm də bütövlükdə bu siyasətə öz təsirlərini göstərməkdədir".

Ekspert hesab edir ki, yaxın aylarda neftin qiyməti bir qədər də artacaq:

"Dəqiqliklə neftin qiymətlərinin hansı istiqamətdə olmasını proqnozlaşdırmaq çox çətindir. Çünki bura qeyri-iqtisadi amillər də birbaşa təsir göstərir. Amma böyük ehtimalla yaxın aylarda biz qiymətlərin bir qədər də artmasının şahidi olacağıq. Bu da eyni zamanda həm bütövlükdə dolların alıcılıq dəyərinin azalmasıyla, həm də böyük ehtimalla inflyasiya proseslərinin yaxın aylarda davam etməsi ilə müşahidə ediləcək".

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR