Meyxanaçının 250 minlik maşın almasına SƏRT REAKSİYA

"Bugünkü kimi cəmiyyət inkişaf edə bilməz. Yaponiyada müəllimə hədsiz hörmət qoyulur, yaponlar deyir ki, müəllimdən üstün varlıq yoxdur. Bizdə isə müəllimlər artıq biabırçı vəziyyətə düşüblər, istər sosial cəhətdən, istər ictimai nüfuz baxımından çox pis haldadırlar. Onlar repetitorluq, riyakarlıq etməyə məcbur olublar. Bu şəraiti biz yaradırıq. Biz cəmiyyət olaraq ona necə hörmət qoyuruqsa, bu cür də davam edir".

Metbuat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış sosioloq Elçin Bayramlı deyib. Son illər müəllimlərin tamamilə nüfuzdan düşdüyünü qeyd edən ekspert bu durumu cəmiyyətin özünün yaratdığını bildirib:

"Məclisə ziyalı, ömrünü uşaqlara həsr etmiş biri gələndə biz onu başa keçirməyib, hər hansı idarə müdiri, biznesmen gələndə onu müəllimdən yuxarıda oturduruqsa, bu, bizim özümüzə, gələcəyimizə verdiyimiz qiymətdir.

Ona görə də bu gün cəmiyyətdə olan problemlərin heç də xaricdən, başqa planetlərdən gəldiyini düşünmürəm. Bu, heç yerdən gəlmir, biz özümüz belə şərait yaradırıq. Bəzən deyirlər ki, məmurlar pisdir, rüşvətxordur, korrupsiyonerdir və s. Biz məmurları Mozambikdən gətirməmişik ki, onlar da bizim materialdandır və bu cəmiyyətdən çıxıb. Məmur sizin qohumunuz, mənim qonşum, başqa birinin dostudur, bu adam bizim cəmiyyətdən çıxmış əsərdir. Gördüyümüz mənzərə isə bizim əsərimizdir. Nə vaxt ki, biz özümüz dəyişmək istəyəcəyik, bax onda heç bu mövzuların müzakirəsinə belə ehtiyac qalmayacaq. Normal cəmiyyətdə bu məsələləri müzakirə etməməliyik".

Müğənnilərin var-dövlətinin hər gün müzakirə mövsusuna çevrilməsi haqda danışan sosioloq bunun səbəblərini açıqlayıb:

"Vaxtilə Üzeyir Hacıbəyov xalqın sevgisini qazanmışdı, o, bunu şou ilə, düşüklüklə əldə etməmişdi. Həmin dövrdə müğənnilər cəmiyyətdə bu qədər müzakirə olunmurdu, çünki hamı bilirdi ki, bu adam səviyyəlidir, sənətkardır, xalq da ona hörmət qoyur və dəstək olur. Amma indikilər elə deyil. Ona görə tez-tez şou-əhli müzakirə olunur, bəzilərində bu qıcıq yaradır, düşünürlər ki, bu, sosial ədalətsizlikdir, niyə alim, müəllim acından ölməlidir, amma şou-biznesdəkilər dəbdəbəli həyat yaşamalıdır? İnsanlarda onun var-dövləti, villası, maşını qıcıq yaradır. Sənətçi bunları ala bilər, amma gərək Müslüm Maqomayev kimi səsi olsun, dövlət üçün işlər görsün, beynəlxalq arenada ölkəsini tanıtsın və s. Bu gün müğənnilərin bir qisminin etdiyi düşük hərəkətlərlə, toylarda oxuyub camaatdan 10-15 min manatla gündəmdə olur. Axı sənin səsin, sənətin 15 minlik deyil. Sən alimin 2 illik maaşını 2 saata ala bilməzsən, çünki onun dırnağına belə dəymirsən! Əgər sənə bu pulu verirlərsə, deməli, bu cəmiyyət elə həmin müğənniyə də layiqdir. Bu cür cəmiyyətdə 255 minlik maşını meyxanaçı sürməlidir, alim də eşşək arabasında gəzməlidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı