Koronavirusun yeni dalğası: Məhdudiyyətlər tətbiq olunacaq?

Koronavirus kabusu qayıdır. 2023-cü ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının sona çatdığını elan etsə də, avqust ayında yoluxma halları yenidən artmağa başlayıb. Belə ki, bu il iyulun 24-dən avqustun 20-dək xəstəliyə yoluxanların sayı 63% çoxalıb. Bununla belə, bildirilən hallar yoluxma səviyyəsini tam əks etdirmir, çünki COVID-19 testlərinin həyata keçirilməsi son vaxtlar əhəmiyyətli dərəcədə azalıb.

Koronavirus mutasiyaya davam edir və bu, əvvəlkilərdən daha təhlükəli və daha aqressiv ola biləcək yeni ştamların - “eris” və “pirola”nın yaranmasına səbəb olub.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının artmasının səbəblərindən biri insanların başqa ölkələrdə keçirdikləri məzuniyyətdən qayıtmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Cənubi Koreya, İtaliya, ABŞ, Böyük Britaniya, Avstraliya və Sinqapurda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu “dalğalar” dünyada başlayandan təxminən iki həftə sonra artıq Rusiyaya çatıb. Bugündən ölkənin Hökumət Evində qoruyucu maska rejimi bərpa olunub.

Xəstəliyin yayılmasına başqa bir səbəb payızın əvvəlində havaların artıq xeyli soyumasıdır. Bu mövsümdə immunitet azalır, buna görə də getdikcə daha çox insan xəstələnir.

Yeni ştamlar və onların xüsusiyyətləri

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bu yaxınlarda keçirdiyi mətbuat brifinqində qeyd edib ki, əhalinin immunitetinin formalaşmasına baxmayaraq, koronavirus dünyanın bütün ölkələrində dövr etməkdə davam edir və daim dəyişir. Beləliklə, 2022-ci ilin oktyabrında alimlər COVID-19-un “omikron” ştamının “kraken” adlı yeni variantını müəyyən ediblər. 2023-cü ildə EG.5 “eris”, eləcə də BA.2.86 “pirola” variantı ortaya çıxıb.

“Avqustda yoluxmaların 26,1%-ni təşkil edən EG.5 ştamı kifayət qədər yoluxucudur. Bununla belə, yoluxmuşların əksəriyyətində xəstəlik yüngül keçir - boğaz ağrısı, öskürək və burun axması cəmi bir neçə gün davam edir. “Pirola” ştamının da oxşar simptomları var”, - deyə o, bildirib.

Kraken

“Kraken”ə yoluxduqda, xəstəlik tez-tez asemptomatik və ya yüngül keçir, lakin virus daha yoluxucu və bədənin immun reaksiyasına daha davamlıdır. Eyni zamanda, “omikron”un alt növü oxşar simptomlara malikdir və klinik təzahürlər baxımından qripdən çox fərqlənmir. Əksər hallarda xəstələr zəiflik, temperaturun bir qədər artması, öskürək, burun axması və s. ilə müşayət olunur.

Eris

Sentyabr ayında “eris” artıq 57 ölkədə, o cümlədən qonşu Türkiyədə müəyyən edilib. Ona görə də ÜST bütün dünyada sürətlə yayılmasına görə onu “narahatlıq doğuran variantlar” siyahısına daxil edib. Mütəxəssislər hazırda EG.5 ştammının yayılma tezliyində davamlı artım müşahidə edirlər. Bu onun peyvənd və ya xəstəlikdən sonra yaranan anticisimlərdən yayınma qabiliyyəti ilə izah olunur. Rusiyada “eris” hələ geniş yayılmasa da, onun epidemioloji vəziyyəti çətinləşdirmək riskləri var.

Xəstəliyin simptomları əvvəlki variantlarla eynidir: Öskürək, burun axıntısı, qızdırma, boğaz ağrısı və sinə sıxılması. Lakin immuniteti zəif olan insanlarda və bəzi həssas şəxslərdə xəstəlik daha ağır nəticələrə səbəb ola bilər.

Pirola

“Pirola” ştammı ilk dəfə bu ilin iyulunda məlum olub, lakin virus artıq ondan çox ölkədə aşkar edilib. O, digər koronavirus variantlarından qısa müddət ərzində baş verən zülallardaki yüksək mutasiyaya görə fərqlənir. Bu, “pirola”nı hazırda dövriyyədə olan bütün COVID-19 ştamları arasında ən yoluxucu edir və o, peyvənddən və ya əvvəlki xəstəlikdən sonrakı immmuniteti aşmağa qadirdir. Eyni zamanda, tədqiqat məlumatlarının olmaması səbəbindən bu ştama qarşı peyvəndlərin effektivliyinin nə qədər azalacağını dəqiq söyləmək mümkün deyil.

Yeni ştamlar niyə təhlükəlidir?

İndiyə qədər elm adamları yalnız yeni ştamlara xas olan spesifik simptomları aşkar etməmişlər, lakin onlar daha yoluxucudur, yəni daha sürətli yayılırlar. Narahatlıqlar “pirola” variantının peyvənddən və ya əvvəlki xəstəlikdən sonra yaranan immuniteti aşa bilməsi və anticisimlərin daha az təsirli olması ilə əlaqədardır. Buna baxmayaraq, yeni ştamlar haqqında elmi məlumatlar virusun insanlara təsiri barədə qəti nəticə çıxarmaq üçün çox məhduddur.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı “pirola”dan ölüm halı qeydə almayıb. Bununla belə, unutmaq olmaz ki, immuniteti zəif olan və şəkərli diabet, ürək-damar və onkoloji patologiyaları, piylənmə, astma kimi xroniki xəstəlikləri olan insanlar xəstəliyin ağır formasından əziyyət çəkə bilərlər.

Müalicə və peyvənd

Koronavirusun yüngül forması simptomatik, antiviral və immunomodulyator terapiya təyin edən terapevtin nəzarəti altında evdə müalicə olunur. Məsələn, qızdırma salıcı, öskürək əleyhinə dərmanlar, interferon preparatları, burun axıntısına qarşı spreylər, boğaz ağrısı üçün vasitələr və s.

Orta vəziyyətlərdə terapevt qan durulaşdıran dərmanlar, bakterial infeksiya əlamətləri varsa, antibiotiklər təyin edə bilər. Xəstədə həyəcanverici simptomlar yaranarsa və vəziyyət kəskin şəkildə pisləşirsə, xəstə xəstəxanaya yerləşdirilməlidir.

Mütəxəssislər vurğulayırlar ki, peyvənd hələ də koronavirusdan, xüsusilə ağır xəstəlikdən və ölümdən qorunmaq üçün effektiv üsuldur. Kütləvi peyvəndləmənin zəruriliyi barədə qərar epidemioloji vəziyyətdən asılı olaraq hər bir ölkə tərəfindən müstəqil olaraq qəbul edilir. İlk növbədə, peyvənd risk altında olan və koronavirusa yoluxmayan və əvvəllər peyvənd olunmayanlara şamil edilməlidir. Həssas kateqoriyaya həmçinin 60 yaşdan yuxarı insanlar və xroniki xəstəlikləri, immun çatışmazlığı, otoimmün xəstəlikləri və xərçəng olanlar daxildir. Peyvənd həmçinin piylənmə, diabet və ürək xəstəlikləri olan gənclər, hamilə qadınlar və tibb işçilərinə də zəruridir.

Cari statistika

Sonda onu da qeyd edək ki, 16 sentyabr 2023-cü il tarixinə dünya üzrə cari koronavirus statistikası aşağıdakı kimidir:

Ümumi yoluxanlar: 695 336 700 nəfər

Ölənlər: 6 915 752 nəfər (1,0%)

Sağalanlar: 667 391 147 nəfər (96.0%)

Hazırda xəstə olanlar: 21 029 801 nəfər (3,0%)

Ölkəmizə gəlincə, ötən həftə (04.09.2023-10.09.2023) Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 132 nəfərdir.

Ölkədə son həftə ərzində 2 909, hazırkı dövrədək isə 7 677 476 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR