Rəsmi Bakıdan növbəti qələbə: Separatçı rejim boğulmaq üzrədir - ŞƏRH

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 07.00-da Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşınındakı yüklərin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə keçidi təmin edilib.

Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün göndərilən 40 ton un yüklü karvanın Ağdam-Əsgəran-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı ermənilərə çatdırılması barədə sentyabrın 1-də razılıq əldə olunsa da xunta rejimi mane yaradan addımlar atırdı.

Vəziyyəti Metbuat.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, humanitar yüklərin istər Ağdam, Xankəndi, istərsə də Laçın-Xankəndi yolu ilə daşınması tamamilə Azərbaycanın nəzarəti altındadır. Ekspert xüsusilə qeyd etdi ki, Azərbaycanın nəzarəti altında olmayan heç bir yükü rusların müvəqqəti nəzarətində olan ərazilərə keçirmək artıq mümkün deyil.

Ədalət Verdiyev vacib bir məqama aydınlıq gətirərək qeyd etdi ki, Azərbaycan tərəfi Xankəndiyə Azərbaycan ərazilərindən keçən yüklərin erməni silahlılarına paylanmaması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə kifayət qədər ciddi şəkildə xəbərdarlıq etməlidir:


“Əgər Azərbaycan ərazilərindən Qarabağa daşınan və erməni əhalisinə paylanmaq üçün nəzərdə tutulan yüklər 10 min nəfərlik erməni silahlı kontingentinə paylanarsa, o zaman Azərbaycan tərəfi Laçın və Ağdam yolunun fəaliyyətini yenidən nəzərdən keçirməli olacaq. Ümumiyyətlə, Ağdam-Xankəndi yolunun açılmasına Azərbaycanın diplomatik qələbəsi, Azərbaycan Silahlı Qüvvələrinin ərazidə həyata keçirdiyi uğurlu fəaliyyətlərin davamı kimi baxılmalıdır”.

Sentyabrın 18-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb ki, əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda işləməsinə mane oldu.

Qarabağdakı separatçı ünsürlərin bu razılaşmaya hansısa maraqlar naminə razılaşdıqları barədə suala cavab olaraq Ədalət Verdiyev bildirdi ki, hər tərəfdən Azərbaycan Ordusu ilə əhatə olunmuş Qarabağdakı separatçıların hansısa yeni planı, dırnaqarası nailiyyəti barədə hazırda danışmağa dəyməz:

“Qarabağdakı separatçı rejim artıq boğulmaq ərəfəsindədir. Hesab edirəm ki, onların həyata keçirdiyi son təxribatlara qarşı Azərbaycan Ordusu yaxın günlərdə kifayət qədər ağrılı cavab verəcəkdir. Azərbaycan ərazisində qeyri-qanuni heç bir silahlı birləşmə üzvü qalmayacaq. Azərbaycan ərazisində dövlətimizin nəzarətindən kənar, təlxək idarəetməyə imkan verilməyəcək. Bunlar hamısı yaxın perspektivdə Azərbaycanın ən vacib prioritetləri sırasındadır. Bütün erməni silahlıları Azərbaycan ərazilərindən son nəfərinə qədər təmizlənəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı