Nazirlikdən koronavirusla bağlı əhaliyə XƏBƏRDARLIQ

Dünyada COVİD-in yeni ştammlarının sürətlə yayılması narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 1 ayda dünya üzrə yoluxanların sayı 38% artıb.

Mebuat.az xəbər verir ki, Avropada yoluxmaya artım 39, Sakit okeanın qərbində 52, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir. Yoluxmaların artmasına koronavirusun sonradan ortaya çıxan yeni variantlarının, xüsusən də Eris olaraq bilinən Eg.5 və Pirola adlandırılan BA.2.86-nın səbəb olduğu qeyd edilir.

Hazırda ABŞ-də COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb. Son həftə ərzində ABŞ-də COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

Almaniya, Fransa, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda da yoluxma sayında kəskin artım qeydə alınıb. Almaniyada gündəlik yoluxmaların sayının son dörd həftə ilə müqayisədə iki dəfə artdığı açıqlanıb. Almaniyada Eris və digər alt variantlara qarşı təsirli olduğu iddia edilən yenilənmiş peyvəndlər bu gündən etibarən tətbiq olunmağa başlasa da, Fransada peyvənd kampaniyası 2 həftə erkənə alınıb. Fransadakı peyvənd kampaniyasında ilkin olaraq XBB.1.5-ə uyğunlaşdırılmış yeni Pfizer peyvəndi istifadə ediləcək.

O cümlədən, Latviyada yayda test nəticələrinin 5-10% pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25%-ə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur.

Rusiyanın Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur.

ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 18-də vaksinlərin dominant XBB.1 ştammlarına uyğunlaşdırılmasını tövsiyə edib. Avropa bazarlarında XBB.1.5-i hədəf alan üç yeni vaksin hazırlanıb. Avropa Səhiyyə Agentliyi sentyabrın 1-də BioNTech-Pfizer-in RNT peyvəndinin Avropada marketinq icazəsini təsdiqləyib. Modernanın oxşar peyvəndi də sentyabrın 15-də təsdiqini alıb. Novavax-dan zülal əsaslı peyvənd isə hələ qiymətləndirilmə mərhələsindədir. Avropa Səhiyyə Agentliyi qeyd edir ki, hər üç peyvənd ümidverici effektivlik əlamətləri göstərir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperi, infeksionist Vasif Əliyev APA-ya açıqlamasında bildirib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb:

"COVID-19-un yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən xəstələr əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur. Vətəndaşlarımıza bildirmək istərdim ki, bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və.s. aiddir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR