Yeni Nəsil İqtisadiyyat Strategiyasının istiqamətləri açıqlandı

Azərbaycanda hazırlanan Yeni Nəsil İqtisadiyyat Strategiyasına “Big data”, süni intellekt, "Əşyaların interneti", rəqəmsal marketinq, dron texnologiyalarının tətbiqi və digər rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri hesab edilən istiqamətlər daxil edilib.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.

"Bunların uğurlu və dayanıqlı tətbiqi üçün kibertəhlükəsizlik baxımından kadr potensialının hazırlanması da zəruri məsələlərdəndir. Ölkəmizin kibertəhlükəsizlik sahəsində qarşıda qoyulan məqsədlərə nail olması üçün lazımi normativ-hüquqi baza hazırlanıb”, - S.Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrup yaradılıb. O bildirib ki, layihə sənədi İşçi qrupun üzvlərinə (İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumlar da daxil olmaqla 17 qurum təmsil olunur) təqdim olunub.

Nazir müavini əlavə edib ki, hazırda Şərqi Zəngəzurda, Qarabağda geniş yenidənqurma işləri həyata keçirilir: "Məqsəd işğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Bu baxımdan rəqəmsallaşma tədbirləri də ön plana çıxır. Rəqəmsal iqtisadiyyatın tətbiqi üçün kibertəhlükəsizliyin təminatı çox vacindir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR