Rusiya Cənubi Qafqazda uduzdu: "Növbədə Zəngəzur dəhlizidir" - Deputat

Ermənistan-Azərbaycan münasibətlərinin dinamikasını Rusiya müəyyən edir. Bu, indi belə deyil. Əsrlərdir ki, Cənubi Qafqazda bütün gərginlikləri yaradan, müvəqqəti sülh və atəşkəs formalaşdıran, etnik-milli separatizmə rəvac verən, xalqları döyüşdürən, “barışdıran” Rusiyadır” .

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili İqbal Ağazadə deyib. Millət vəkili hesab edir ki, bu gün də Rusiya öz maraqları üçün oynayır.

"Ermənistan-Azərbaycan qarşıdurmasının tarixi səbəbləri bu gün də aktualdır. Dəyişən heç nə yoxdur. Rusiya Cənubi Qafqazdan çıxmaq istəmir. Demokratik və azad cəmiyyətlərin yaranmasından “it ağacdan qorxan kimi” qorxur. Azad, demokratik Cənubi Qafqaz Şimali Qafqazı qan gölünə çevirən Rusiyanı yıxacaq, Rusiyanın sərhədinə dirənəcək, imperialist Rusiya param-parça olacaq, “Xalqlar həbsxanası”nın divarları uçacaq. Çeçenistan, Tatarıstan, Dağıstan, İnquşetiya, Osetiya, Qaraçay-Çərkəz, Udmurtiya, Çuvaşıstan və s. - hamısı Rusiya ilə illərin hesabını çəkməyə başlayacaq. Yaponiya, Almaniya, Çin, Azərbaycan vaxtilə əllərindən gedənləri geri qaytarmaq həvəsinə düşəcək. Bir sözlə, uçan divarların daşları altında Rusiya adlı nəhəng div inildəyəcək. Heç bunu açığı, demokratik dünya da arzulamır. Hələ buna hazır deyil. Dünyanın bu cür şəkillənməsi yeni geosiyasi konfliktlər və maraqlar yaradacaq. Dünya köhnə düzənini pozmaq istəmir. Ona görə də Rusiyanın yaratdığı konfliktlərə və etnik-milli savaşlara daha çox bəyanatlarla cavab verir, kiçicik maraqlardan o tərəfə keçmir, keçmək istəmir".


Rusiyanın erməni düşüncəsində yıxılmamaq üçün oyunlar qurduğunu vurğalayan millət vəkili düşünür ki, Paşinyan höküməti gözəl anlayır ki, Rusiya-Ukrayna savaşı postsovet ölkələrində yeni reallıqlar yaradacaq, ona görə də batan gəmidən ilk qaçan olmaq istəyir.

"Azərbaycan Rusiya gəmisində deyil, lakin fürsətləri də qaçırmaq istəmir. Doğru da edir. Batan gəmidən nə qənimət götürülsə, kar olar. Azərbaycan öz çıxarına oynayır, həm də çox peşəkar və uğurlu taktika ilə. Son hadisələrdə də Rusiya gəmini tərk etmək istəyən Paşinyanı cəzalandırmağı qarşısında əsas məqsəd qoymuşdu. Azərbaycan tərəfi bunu yaxşı bilirdi. Lakin vəziyyətdən öz məqsədi üçün yararlanmaq Azərbaycan hakimiyyətinin ali strategiyası idi. 44 günlük savaşda necə məharətlə yararlandısa, Laçın keçid məntəqəsini necə qurdusa, bu gün də hər şeyi görə-görə, bilə-bilə professionallıqla hədəflərə doğru irəlilədi. Erməni əsilli vətəndaşlara kimsə “status ver” deməyə Azərbaycanı məcbur edə bilməz, çünki özləri reinteqrasiya üçün masaya otururlar. Onları masadan qaldırmaq savaşa və konfliktə dəstəkdir. Rusiya xaric, (bu barədə əlavə) Qərb bu təşəbbüsdə bulunmayacaq, əksinə bu prosesi dəstəkləyəcək. Son hadisələrə kimi Peskov, Lavrov və s. dili ilə “sülhməramlıların sayı artırılmalıdır” tezisini irəli sürən Rusiyanın təklifi əhəmiyyətini itirdi. Çünki sahə daraldı, münaqişə üçün əsas olan qeyri-qanuni silahlı dəstə təksilah qərarı verdi, döyüşəcək tərəflər yoxdur. Azərbaycan öz ərazisində qeyri-qanuni silahlı dəstənin son qalıqlarını darmadağın etdi, qalanlar isə həm hərbi texnikanı təhvil verməyi, həm də hərbi mundiri çıxarmağı öhdəlik kimi üzərinə götürdü. Paşinyan hökümətinin bu tədbirlərdə müdaxilə etməməsi bir daha Qərb dünyasına problemin Azərbaycanın daxili işi olması mesajını verdi. “Böyük qayıdış” planına əsasən geri dönən məcburi köçkünlərimizin təhlükəsizliyinin təmin olunacağına əminlik artdı. Azərbaycanın bu problemin həllində nə qədər israrlı və reinteqrasiyada səmimiliyi sübut olundu".

Millət vəkili qeyd edir ki, Ermənistan vətəndaşları və Rusiya yançıları bir daha anladılar ki, Rusiyanın istədiyini verməyəndə rahatlıqla hər şeyi fərqli edir, bir sözlə, o, dost və strateji müttəfiq deyil. Bu da Cənubi Qafqazda Rusiyanı saxlayan Ermənistan üçün bir dərs idi.

"Rusiya sonuncu qalasında hələ ki, düşüncələrdə yıxılır. Bu, tezliklə sahədə də özünü göstərəcək.Rusiya Yevlax danışıqlarını pozmağa çalışsa da, məğlubdur. O, bundan qazanclı çıxa bilməyəcək. Bir az peşəkarlıq və oyunçu məharəti bizi – Azərbaycanı yeni bəlalardan qurtararaq, fərqli müstəviyə daşıyacaq. Növbəti mərhələ Türkiyə-Ermənistan münasibətlərinin qurulması, Cənubi Qafqazda Rusiyanın dominantlığına son qoyulması, Zəngəzur dəhlizinin açılmasıdır",- sitatın sonu.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR