​BMT TŞ-də beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ - Təhlil

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı iclas baş tutdu. BMT Fransanın təşəbbüsü ilə keçirilən və Qarabağdakı vəziyyətə həsr olunmuş iclasda gözlənildiyi kimi, Azərbaycana qarşı heç bir qərar, yaxud qətnamə qəbul edilmədi.

Ümumiyyətlə Azərbaycan əleyhinə hansısa qərarın verilməsi üçün arqument yoxdur. Məsələ ondadır ki, rəsmi Bakı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş ərazilərində qanuni şəkildə hərəkət edir. Keçirilən lokal antiterror tədbirləri də həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm də Azərbaycan konstitusiyasına uyğun idi. Əməliyyat görüntülərindən də aydın olurdu ki, Azərbaycan silahlı qüvvələri əməliyyatlar çərçivəsində mülki əhalinin və obyektlərin zərər görməməsi üçün maksimum dərəcədə ehtiyatlı hərəkət edirdi.

Kütləvi insan tələfatının olmaması və rəsmi Bakının keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı həm ictimaiyyəti məlumatlandırması, həm də prosesləri maksimum həsasiyyət və ehtiyat ilə aparması ona qarşı təzyiq və ya sanksiya tipli gedişləri imkansız etdi.

BMT TŞ-də Qarabağ üzrə dinləmələr daimi və qeyri-daimi üzv ölkə nümayəndələri çıxış etdi. Çıxışlara baxdıqda ümumi nəticə bu yöndədir ki, hazırda ölkələri maraqlandıran 3 məsələ var:

1. Rus sülhməramlıların həlak olması;

2. Qarabağda erməni əhalinin təhlükəsizliyi;

3. Azərbaycanın Qarabağ sakinləri ilə danışıqları;

İlk öncə onu qeyd etmək lazımdır ki, dinləmələr zamanı Böyük Britaniya, Rusiya, Brazilya, Türkiyə nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiklərini xüsusi olaraq vurğulayıb. Bundan başqa Rusiya, Türkiyə, Çin və Qana nümayəndələri Azərbaycanın antiterror əməliyyatları apardığını xüsusi vurğulayıb.

BMT TŞ-də Azərbaycanın ərazi bütövlüyünün vurğulanması, keçirilən əməliyyatların antiterror olduğunun vurğulanması bizim üçün müsbət hadisədir.

Çıxışlardan gəldiyim nəticə budur ki, yuxarıda qeyd etdiyim üç məsələ yaxından maraqlandırır. Hətta Azərbaycanı dəstəkləyən ölkələr belə bu məsələdə narahatlıqlarını ifadə edib.

Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verib.

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Bundan başqa hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir.

Təbii ki, hadisə ilə bağlı qaranlıq məqamlar da var, lakin rəsmi Bakı həm beynəlxalq ictimaiyyətin, həm də Rusiya tərəfinin narahatlığını başa düşür.

Qarabağda erməni əhalinin təhlükəsizliyi ilə bağlı beynəlxalq ictimaiyyətin keçirdiyi narahatlıq, habelə Azərbaycanın Qarabağ sakinləri ilə dialoqa davam etməsi kimi məsələlərə həssas yanaşması da başadüşüləndir. Lakin narahatlığa heç bir səbəb yoxdur. Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, “Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhali bizim vətəndaşlarımızdır”.

Bundan başqa dövlət başçısı bildirdi ki, bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırdı. Ötəngünkü Yevlax görüşü də göstərdi ki, rəsmi Bakı Qarabağ ermənilərini asimilyasiya etmək və ya onlara qarşı hansısa qresya nümayiş etdirmək niyyəti yoxdur. Bunu təsdiqləyən ən önəmli fakt isə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Mərkəzi hakimiyyət isə buna müsbət yanaşıb, hətta bu gün Xankəndiyə humanitar yardımlar belə göndərilib.

Qarabağ sakinləri ilə dialoqa gəldikdə isə Yevlax görüşünün yekunda gələcək görüşlərin keçirilməsi istiqamətində razılıq əldə olunub. Yəni dialoq davam edəcək.

Nəticə etibarilə BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə baş tutan iclas bu dəfə də nəticəsiz bitdi. Azərbaycana qarşı heç bir qərar, yaxud qətnamə qəbul edilmədi.

Politoloq Turan Rzayev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR