Azərbaycanda nağdsız ödəmə sistemlərinə maraq necədir?

Ölkədə bank kartları və POS-terminalların mövcud sayı nağdsız ödənişlərin inkişafına geniş imkanlar yaradır. 2010-cu ilin sonunda Azərbaycanda fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət obyektlərində cəmi 6978 POS-terminal mövcud idisə, 2023-cü ilin iyun ayının 1-nə Azərbaycanda bankomatların sayı 3075 ədəd, POS-terminalların sayı isə 80462 ədəd təşkil edib.

Bütün tərəflər arasında əlverişli olan nağdsız ödənişlərə Azərbaycanda olan maraq barədə Metbuat.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, proses zamanı ən böyük üstünlük dövlətin pul vəsaitlərinin dövriyyəsinə, alqı-satqı əməliyyatlarına geniş və dəqiq nəzarət etmək imkanı əldə etməsindədir:


“Nağdsız əməliyyatların stimullaşdırılması və şəffaf alış-veriş sisteminin qurulması məqsədilə beynəlxalq ödəniş sistemləri tərəfindən nağdsız əməliyyatlara daim üstünlük verilir.
Ticarət obyektində mal və ya xidmətin nağdsız qaydada kart vasitəsilə alışı zamanı kart istifadəçisi bu əməliyyata görə hər hansı əlavə xidmət haqqı ödəmədən yalnız mal və ya xidmətin dəyərini ödəyir. Bu, bütün kart növlərinə aiddir. Bütün ödənişlərin nağdsız şəkildə həyata keçirilməsi həm fiziki, həm hüquqi şəxslər, həm də hökumətin və dövlətin iqtisadi maraqları, mənafeyi üçün olduqca zəruri əhəmiyyət kəsb edir. Bundan başqa iri həcmdə alqı-satqı əməliyyatlarının nağd şəklində deyil, bank yolu ilə qeyri-nağd, köçürmə yolu ilə həyata keçirilməsinin tətbiqi özü çox effektiv bir vasitədir. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin avqustun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20% artaraq 15 milyonu ötüb. Bu dövr ərzində ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb. Bu statistik göstəricilər vətəndaşlarda həm nağdsız ödənişlərə marağın yüksəldiyinə və Azərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir”.

Azərbaycanda sahibkarlıq mühitinin inkişafı və təkmilləşdirilməsi üçün 2020-ci ilin may ayından etibarən həyata keçirilən “ƏDV geri al” layihəsi dövlət-biznes-vətəndaş birliyinin iqtisadi çağırışlara adaptasiyası istiqamətində atılan uğurlu addımlardan sayılır.

Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov qeyri-nağd hesablaşmaları zamanı “ƏDV geri al” mexanizminin tətbiqi ilə bağlı bildirdi ki, bu tətbiq nəticəsində təxminən yarım milyard manata yaxın vəsait vətəndaşlarımıza geri qaytarılıb:

“2024-cü ildən etibarən isə plastik kartlarla alış-veriş edən zaman daha çox ödəniş həyata keçiriləcək. Həm pandemiya dövrü, həm də son illər onlayn alış-verişə marağın güclənməsi bütövlükdə nağdsız ödənişlərin həcminin atmasına səbəb olub. Bizim də təklifimiz odur ki, bu sahədə infrastruktur daha da genişləndirilsin. Xüsusən də bölgələrdə plastik kartlardan istifadə ilə bağlı çətinliklər var. Orada əhalinin istifadəsinə verilən POS-terminalların sayı da azdır. Bu da plastik kartdan istifadəyə mane olur. Digər tərəfdən isə POS- terminallardan istifadə ilə bağlı maarifləndirməyə və nəzarətin gücləndirilməsinə ehtiyac var. Gələcəkdə bu sahədə stimullaşdırıcı tədbirlərin genişləndirilməsi nağdsız ödənişlərin həcminin daha yüksək faizlə artmasına gətirib çıxara bilər”.

Dünyada aparılmış iqtisadi araşdırmalar sübut edir ki, nağdsız hesablaşmalar iqtisadiyyatın inkişafına müsbət təsir göstərir. Xüsusilə bank kartları ilə davranışlarda ehtiyat tədbirləri barədə Metbuat.az-a açıqlama verən Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov dedi ki, Avropada yaşayan insanlar istənilən halda diqqətli davranmağa məcbur olduqlarını bilirlər:


“Ümumiyyətlə, bank kartını metroda, avtobuslardan istifadə zamanı çıxarıb üzünə baxmaq təhlükəlidir. Çünki hər yerdə kameralar var. Bu zaman hakerlərin diqqəti kartınıza tuşlana bilər. İngiltərə və İspaniyadan olan haker dəstələri xüsusilə onlayn alış-veriş edən zaman vətəndaşların kart bilgilərinə daha tez əldə etməyi bacarırlar. Onlar mobil telefonlara birbaşa müdaxilə edərək, son aldığınız məhsulla bağlı smslər göndərirlər. Həmin məlumatlarda yerləşdirilən linklərə toxunan zaman gün ərzində siz hiss etmədən hesabınızdan 50-60 avro silinməyə başlayır. Bu halda bank ödənişləri geri qaytarmır. Çünki vətəndaşların məhsuliyətsizliyi nəticəsində bu hal baş verib. Belə haker hücumlarından qorunmaq üçün xüsusi proqlamlardan istifadə etmək mümkündür. Siz banka əsaslı şəkildə sübutlar irəli sürsəniz, o halda bank sizin pulunuzu qaytara bilər. Yəni hər bir halda bankların da müştərilərini məlumatlandırmalı olduğu sistem var. Bu sistemdə boşluqlar olarsa, vətəndaşlar hüquqlarını bərpa edə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı