"Ərdoğanın Naxçıvana səfəri dərin mesajlar verir" - Politoloq

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər. Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Səfərin detalları barədə Metbuat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, türk dünyasının və 3+3 platformasının gələcəyi ilə bağlı mühüm qərarlar alınacaq:

“Bu səfərin Naxçıvanda keçirilməsi çox dərin məna daşıyır. Hesab edirəm ki, bu proseslərin qarşısını almağa çalışan İran da daxil olmaqla, bir çox ölkələrə mesaj verilmiş olacaq. Artıq türk dünyasının birləşməsi, ortaq hərbi birliyinin yaradılması məsələsi də aktual olan məsələlərdəndir. Zənnimcə keçiriləcək görüşdə Türk Dövlətləri Təşkilatının (TDK) bundan sonrakı fəaliyyəti də müzakirə edilə bilər. Hesab edirəm ki, cənab Əliyev və Ərdoğan tərəfindən irəli sürülən 3+3 platformasının bundan sonrakı taleyi də müzakirə ediləcəkdir”.

Antiterror əməliyyatlarından qısa bir zaman sonra regiona səfər edən Türkiyə liderinin bu gəlişinin çox böyük mesajları verdiyini qeyd edən politoloq nəzərə çatdırdı ki, Türkiyə həmişəən həssas dövrlərdə dövlət rəhbəri səviyyəsində Azərbaycanın yanında yer alıb.


“Xatırladım ki, Ərdoğan Şuşaya ilk səfər edən dövlət rəhbəri olmuşdu. BMT tribunasından Azərbaycana dəstək verdikdən dərhal sonra ölkəmizə səfərini gerçəkləşdirməsi bizim üçün çox müstəsna əhəmiyyətə malikdir. Bu səfər zamanı iki ölkə birlikdə yenidən dünyaya öz müttəfiqliyini nümayiş etdirəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR