Cərimələrin ödənişinə dair tələblər sərtləşdirilir

Maliyyə sanksiyaları zamanı 30 gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində əksini tapıb.

Layihəyə əsasən, rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində başqa müddət nəzərdə tutulmadıqda, göstərişin təqdim edilməsindən sonrakı 30 (otuz) gün müddətində bazar subyekti tərəfindən göstərişdə qeyd edilən məbləğ dövlət büdcəsinə ödəniləcək.

Bazar subyekti rəqabət orqanının maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi barədə göstərişində qeyd olunan məbləği bu Məcəllədə qeyd edilən müddətdə ödəmədikdə, rəqabət orqanı ödənişin təmin edilməsi məqsədilə göstərişi məcburi icraya yönəldəcək.

Təsərrüfat subyektlərinin birliklərinin hər hansı üzvü maliyyə sanksiyalarının tətbiq edilməsinə səbəb olmuş qanun pozuntusunun əmələ gəlməsində iştirak etmədiyini sübut etdikdə, həmin təsərrüfat subyektinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR