Azərbaycan cəmiyyəti antiterror tədbirlərinin Ermənistanla sülh müqaviləsini sürətləndirəcəyinə inanır - SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusu Azərbaycan cəmiyyətinin antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanacağı barədə nikbin mövqedə olduğunu göstərib.

Bu barədə Metbuat.az-a Mərkəzdən bildirilib.

Qeyd edilib ki, “Keçirilmiş antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirəcəkmi?” sualına münasibətdə respondentlərin 72.4%-i “bəli” cavabını verib. Sorğuda iştirak edənlərin 21.4%-i bu barədə əks mövqedən çıxış edib, 6.2%-i fikir bildirməkdə çətinlik çəkib.

Nəticələrin respondentlərin sosial-demoqrafik məlumatlarına görə təhlili bu istiqamədə rəylərdə iştirakçıların gender mənsubiyyətinə və təhsil səviyyəsinə görə əhəmiyyətli fərq olmadığını göstərib. Orta və yaşlı nəslə aid respondentlər gənc nəsil ilə müqayisədə bu barədə daha nikbin mövqeyə malikdir.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 26 – 30 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb.

Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR