Şolts Əliyevə niyə zəng etdi? - DETALLAR

Xəbər verdiyimiz kimi, Almaniya Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir.

Şoltsun zənginin mahiyyətini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Almaniya kansleri demək istəyib ki, o Fransa prezidenti Emmanuel Makron kimi ermənipərəst deyil.

"Onun zəngi Azərbaycan dövlət başçısının İspaniyada Almaniya kansleri və Makronun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməməsi qərarını verdikdən bir neçə saat sonraya təsadüf edib. Şolts İlham Əliyevlə telefon söhbətində region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib. Buna baxmayaraq, İlham Əliyevin İspaniyaya getməməsi qərarı qəti idi. Görünür, Şolts anlayıb ki, Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır, əks halda Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq"- sitatın sonu.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib. Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR