Rus sülhməramlılardan sonra Qərb regiona qüvvələr göndərəcək? - ŞƏRH

Azərbaycanın 19 sentyabrda başlatdığı lokal antiterror tədbirlərindən sonra bölgədə reallıq dəyişdi. Qarabağda separatçı ermənilərin silahı yerə qoyaraq təslim olmasından sonra Qərb siyasi dairələri hərəkətə keçdilər.

Fürsətdən istifadə edən ABŞ, Fransa və Almaniya Ermənistanın Rusiya ilə pisləşən münasibətlərindən istifadə edərək regiona dorğu addımlar atmağa başladılar. Xüsusəndə USAİD rəhbəri Samanta Pauerin Ermənistana tələsik səfəri Qərbin əsas simasının necə olduğunu meydana çıxardı.

Türkiyəli siyasətçi, professor Sinan Oğan Azərbaycana səfəri zamanı mühüm bir məqama vurğu edərək bildirdi ki, Fransa, ABŞ kimi qərb dövlətləri Qarabağ ərazisinə sülhün təmin olunması adı altında qüvvələr göndərməklə bağlı təkliflər irəli sürürlər.

Qərbin Qarabağla bağlı niyyətini Metbuat.az-a şərh edən millət vəkili Cavanşir Feyziyev bildirdi ki, bu fikirlər hələ antiterror tədbirlərindən əvvəl yayılmışdı. Millət vəkili deyir ki, o vaxtları Ermənistan tərəfindən guya ermənilərin Qarabağda blokadada saxlanması haqqında məqsədli şəkildə dezinformasiyalar yayılmağa başlamışdı:


“Ermənistan rəhbərliyi və onun havadarları “Qarabağ erməniləri” məsələsini beynəlxalq gündəmdə saxlamağa və mövcud olmayan bir “problemi” qaldırmaqla məsələni yenidən beynəlmiləlləşməyə və bununla da regionda gərginliyi daimi olaraq saxlamağa çalışırdılar. Sentyabrın 19-20 tarixlərində həyata keçirilən göz qırpımı kimi sürətli əməliyyatlar (blits-kriq) ərazidə növbəti dəfə yeni reallıqlar yaratdı. Ermənilərin mütləq əksəriyyəti öz seçimlərinə uyğun olaraq Qarabağı tərk etdilər. Bölgədə marağı olan kənar güclərin Qarabağ erməniləri vasitəsilə bu bölgəyə müdaxilə etmək və Azərbaycanı daimi təzyiq altında saxlamaq planları məhv oldu”.

Bugünkü vəziyyətdən həm Qərbin, həm Rusiyanın, həm də İranın çox məyus olduğunu ifadə edən millət vəkili qeyd etdi ki, Qərbin onilliklər ərzində bütün dünyada yürütdüyü “Realpolitik” siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin açıq, ədalətli və qətiyyətli siyasəti ilə toqquşaraq ilk dəfə məğlub olub.

“Onlar bu məğlubiyyəti layiqincə qəbul edə bilmirlər. Ona görə indi regiona müdaxilə imkanlarını bərpa etmək üçün yeni bəhanələr axtarırlar. Lakin beynəlxalq qanunlara görə Azərbaycanın razılığı olmadan heç bir dövlət bizim ərazimizə hər hansı qüvvələrini göndərə bilməz və göndərməyəcək də”.

Cavanşir Feyziyev onu da ifadə etdi ki, yalnız ərazidə baş verən reallıqları və həqiqətləri sübut etmək üçün Azərbaycan müəyyən şərtlər əsasında bəzi dövlət və ya beynəlxalq təşkilatların nümayəndələrini öz ərazisinə buraxa bilər.

“Çünki anti- terror tədbirləri ilə bağlı hazırda ölkəmizə qarşı aparılan qara təbliğat fonunda bizim dünya ictimaiyyətindən gizlətməli bir sirrimiz yoxdur. Qarabağ Azərbaycan ərazisidir və orada dövlət tərəfindən şəffaf şəkildə həyata keçirilən bütün tədbirlər də Azərbaycan Konstitusiyasına uyğundur. Üstəlik bu tədbirlər uzunömürlü bir etno- siyasi münaqişəyə son qoyulmasına, Cənubi Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin, o cümlədən Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin bərqərar olunmasına yönəlib”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR