Putin antiterror tədbirlərindən danışdı - "Biz Ermənistana təklif etdik ki..."

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən danışıb.

Metbuat.az xəbər verir ki, Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edən Putin baş verənləri qaçılmaz adlandırıb. Onun sözlərinə görə, Praqada və Brüsseldə əldə olunan razılaşmalardan sonra baş verənlər qaçılmaz idi:

“Bütün bunlar Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasından sonra qaçılmaz oldu. Bu, yalnız zaman məsələsi idi: Azərbaycan dövləti Azərbaycanın Konstitusiyası çərçivəsində orada nə vaxt və hansı yolla konstitusiya quruluşunu sahmana salacaqdı. Ona görə də cənab Mişel və onun həmkarları Ermənistan baş naziri Paşinyanı belə addıma getməyə razı salanda bunu düşünməli idilər, Qarabağ ermənilərinin taleyi haqqında düşünməli idilər. Heç olmasa nəsə qeyd etməli idilər, onları (Qarabağ ermənilərini-red.) bu vəziyyətdə, Qarabağın Azərbaycan dövlətinə inteqrasiyasında nə gözləyir, onların təhlükəsizliyinin təmin olunması, hüquqlarının qorunması necə baş verəcək... Amma orada heç nə yoxdur. Bəyanatda o var ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu qədər. Biz nə etməliyik ki? Əgər Ermənistan özü bu cür qərar qəbul edibsə... Biz nə etdik? Humanitar vəziyyətin təmin etmək üçün hüquqi mənada nəyə malik idiksə, ondan istifadə etdik. Bildiyiniz kimi orada insanlarımız həlak oldu. Yeri gəlmişkən, Qarabağ ermənilərini müdafiə edən zaman, bizim sülhməramlılarımız... Biz onlara humanitar, tibbi yardım göstərdik. Onların çıxmasını təmin etdik. Qoyun onda avropalı həmkarlarımız heç olmasa bədbəxt insanlara humanitar yardım göndərsinlər. Mənə elə gəlir ki, onlar bunu edəcəklər. Lakin onların taleləri haqda uzun perspektivdə düşünmək lazımdır. Biz Qarabağdan gedən erməniləri dəstəkləyirik. Ermənistan bizim müttəfiqimiz olmağa davam edir.

Bütün bunlar on illiklər boyu davam etdi. Deməliyəm ki, burada heç bir sirr açmıram. Biz dəfələrlə, son 15 il ərzində erməni dostlarımıza təklif etmişdik ki, güzəştə getsinlər. Hansı güzəştə: Azərbaycana Qarabağ ətrafındakı beş rayonu qaytarsınlar, iki rayonu özlərinə saxlasınlar və bu şəkildə Ermənistanla Qarabağ arasında ərazi təmasını saxlasınlar. Lakin bizim qarabağlı (erməni-red.) dostlarımız hər dəfə bizə deyirdilər ki, yox, bu bizim üçün müəyyən təhdidlər yaradır. Biz isə deyirdik ki, qulaq asın, Azərbaycan böyüyür, iqtisadiyyat inkişaf edir, bu, neft-qaz çıxaran ölkədir. Əhalisi 10 milyondan çoxdur. Gəlin potensiallarınızı müqayisə edək. Nə qədər imkan var, gəlin güzəşt yolunu tapaq. Biz öz tərəfimizdən əmin idik ki, BMT TŞ çərçivəsində müvafiq həlli tapacağıq. Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət veririk. Bu ərazilərdə yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət veririk".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR