Sahibə Qafarova Rumıniyanın Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb.

Bu barədə Metbuat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrini səmimiyyətlə salamlayan Rumıniyanın Baş naziri Azərbaycana səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünü xoş təəssüratlarla xatırlayıb.

O, Azərbaycanla Rumıniya arasında strateji münasibətlərin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan və Rumıniyanın sadəcə tərəfdaş deyil, həm də dost ölkələr olduğunu vurğulayıb.

Baş nazirin sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra dünyada ikinci tanıyan ölkə Rumıniyadır. Həmçinin, Rumıniya Azərbaycanla strateji tərəfdaşlığa dair saziş imzalayan ilk Avropa İttifaqı ölkəsidir. Azərbaycanın Rumıniyanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran İon-Marçel Çolaku ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensial olduğunu qeyd edib.

Daha sonra Baş nazir Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu barədə danışıb. O, avropalı həmkarları ilə də Cənub Qaz dəhlizini müzakirə etdiyini xatırladaraq, deyib ki, nəqliyyat sahəsində də Azərbaycan mühüm rola malikdir.

Onun sözlərinə görə, Qara dəniz və Xəzər dənizi arasında nəqliyyat bağlantısının gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Yaşıl enerji layihələrinin vacibliyi barədə fikirlərini ifadə edən İon-Marçel Çolaku deyib ki, Avropanın hazırda yaşıl enerjiyə ciddi ehtiyacı var və Azərbaycandan yaşıl enerjinin ixracı məsələsi əhəmiyyətlidir.

Azərbaycan parlament nümayəndə heyətinə və ölkəmizin ünvanına səsləndirdiyi xoş sözlərə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Rumıniya dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini deyib.

Spiker Sahibə Qafarova Baş nazir İon-Marçel Çolakunun Rumıniya Deputatlar Palatasının sədri kimi cari ilin fevral ayında ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırlayıb.

Milli Məclisin sədri ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və görüşlərin müstəsna rolunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya, həmçinin Rumıniya dövlət başçılarının ölkəmizə səfərlərini xatırladıb. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu qarşılıqlı səfərlər ölkələrimiz arasında yüksək səviyyəli fəal siyasi dialoqun mövcud olduğunu göstərir.

Azərbaycan parlamentinin rəhbəri bildirib ki, iki ölkə arasında müqavilə-hüquq bazası kifayət qədər zəngindir və bu günə qədər iki ölkə arasında 60-dan çox sənəd imzalanıb ki, bu da ikitərəfli münasibətlər üçün mühüm hüquqi baza təşkil edir. Sahibə Qafarovanın sözlərinə görə, hazıra ölkələrimiz arasında iqtisadiyyat, enerji sahəsində əlaqələr yaxşı səviyyədədir, ticarət dövriyyəsi getdikcə artmaqdadır. Bununla yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial var. O, inamını ifadə edib ki, Ticarət-İqtisadi Əlaqələr və Elmi-Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyəti əməkdaşlıq sahələrini şaxələndirməyə imkan verəcək.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri enerji əməkdaşlığıdır. Sahibə Qafarovanın sözlərinə görə, hazırda enerji təhlükəsizliyi məsələsində yeni perspektivlər var. O cümlədən, yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları mövcuddur. Milli Məclisin sədri Azərbaycanda müxtəlif sahələrə investisiya imkanları, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə də məlumat verib.

Ölkələrimiz arasındakı münasibətlərdə parlamentlərin özünəməxsus yeri olduğunu deyən Milli Məclisin sədri bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. O, ötən dövr ərzində parlament sədrləri, dostluq qrupları səviyyəsində baş tutmuş qarşılıqlı səfərlərin, hər iki parlamentdə fəaliyyət göstərən bu dostluq qruplarının əhəmiyyətini qeyd edib.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ərazilərimizin Ermənistanın işğalından azad edilməsini tələb edən qətnamələrin 30 ilə yaxın icra olunmaması, 2020-ci ildə Azərbaycanın öz gücünə həmin qətnamələrin icrasını təmin etməsi və torpaqlarını azad etməsi barədə məlumat verib.

Sahibə Qafarova deyib ki, Azərbaycan 30 ilə yaxın bir dövr ərzində ədalətin bərpa olunmasını, beynəlxalq sənədlərin icra edilməsini gözlədi. Lakin beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlar səbəbindən işğala nəinki son qoyulmadı, hətta bir sıra hallarda işğalçını müdafiə edən, işğalçılıq siyasətinin davam etməsini təşviq edən addımların şahidi olduq. Nəhayət, Azərbaycan özü ədaləti bərpa etdi. Amma çox paradoksaldır ki, bu gün bəzi dairələr özünün beynəlxalq hüquqla tanınmış, təsdiq olunmuş ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi üçün Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirir.

Milli Məclisin sədri görüşdə həmçinin, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi barədə məlumat verib. Spiker Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipi əsasında Ermənistanla sülh sazişinin imzalanmasını təklif etdiyini, lakin Ermənistanın ötən 3 il ərzində destruktiv mövqe göstərdiyini, müxtəlif hərbi-siyasi təxribatlar törətdiyini diqqətə çatdırıb.

O, Azərbaycanın lokal antiterror tədbirləri, onun nəticələri, Qarabağın erməniəsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən işlər barədə də danışıb.

Baz nazir İon-Marçel Çolaku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını arzuladıqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR