Bu nazirlikdə pozuntular aşkarlandı - RƏSMİ

Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materiallar Baş Prokurorluğuna göndəriləcək.

Metbuat.az xəbər verir ki, bu, Hesablama Palatasının “Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzdə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair məlumatında əksini tapıb.

    Qeyd edilib ki, auditlə əhatə olunan dövrdə Nazirlik və Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin (TOM) tərəfindən qurumdaxili dövlət investisiya siyasətinin həyata keçirilməsi və investisiya layihələrinin icrasına nəzarət, həmçinin bu layihələrin maliyyələşdirilməsi qeyri-qənaətbəxş səviyyədə təşkil olunmuş və bir sıra hallarda qanunsuz xərclərə yol verilib. Belə ki, tikilən obyektlərin dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğunluğu, texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi tam təmin edilməmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər qismən və ya tam icra edilməmiş, investisiya xərcləri üzrə vəsaitin vaxtında və müəyyən edilən məbləğdə ayrılması üçün tədbirlər görülməmiş, bu səbəbdən layihələrin icrasını başa çatdırmaq üçün 161,5 mln. manat məbləğində vəsaitin istifadəsi təmin edilməyib. Tikinti norma və qaydalarının tələbləri pozularaq smeta sənədlərində və yerinə yetirilən işlərin qəbul aktlarında işçi layihə ilə müqayisədə kənarlaşmalara yol verilmiş, “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və yerinə yetirilmiş işlərin qəbulu aktlarında iş həcmlərinin layihədə nəzərdə tutulandan çox göstərilməsi nəticəsində 3 halda podratçıya 27,9 min manat, 7 halda yerinə yetirilməyən işlərə görə 221,0 min manat və 18 adda idman və mebel avadanlıqlarının mövcud olmamasına görə 38,8 minmanat, cəmi 287,7 min manat məbləğində büdcə vəsaiti podratçıya artıq ödənilmişdir. TOM tərəfindən qeyd edilən kənarlaşma məbləğinin 206,0 min manatının dövlət büdcəsinə ödənildiyi, 42,9 min manat dəyərində yerinə yetirilməyən işlərin yerinə yetirilərək bərpa edildiyi və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımı avadanlıqlarla əvəzləşdirildiyi barədə Hesablama Palatasına müvafiq məlumatlar təqdim edilmişdir. “Goranboy rayonunda Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və işlərin qəbulu aktlarında iş həcmlərinin layihəyə nisbətən çox göstərilməsi nəticəsində 6 halda 135,2 min manat və 80 halda yerinə yetirilməyən işlərə və mövcud olmayan mebel avadanlıqlarına görə 379,6 min manat, 1 halda yerinə yetirilmiş iş həcmlərinə bazisəmsal üsulu tətbiq edilməklə hesablanmış işin dəyəri üzrə yaranan kənarlaşmaya görə 457,6 min manat, cəmi 972,4 min manat məbləğində büdcə vəsaiti podratçıya artıq ödənilmişdir. Satınalma müqaviləsinin şərtlərinə, həmçinin öhdəliklərin icrasına düzgün əməl edilməyərək 2 obyekt üzrə 5% miqdarında və ya 1379,9 min manat məbləğində keyfiyyət zəmanəti vaxtından əvvəl podratçılara ödənilmiş, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, satınalma müqavilələrinin şərtlərinə və müvafiq satınalma prosedurlarına düzgün əməl olunmamış, 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilmiş, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməmiş və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməmiş, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməmiş, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməmiş, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilmiş, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməmiş, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməmiş, 1 halda isə gecikmə ilə yerləşdirilmişdir. Bəzi hallarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın və müvafiq hüquqi aktların tələblərinə, həmçinin Dövlət Statistika Komitəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunan hesabatların göstəriciləri maliyyə hesabatlarının və Hesablama Palatasına təqdim olunan “Dövlət büdcəsində dövlətəsaslı vəsait qoyuluşu (investisiya) xərcləri çərçivəsində icra olunan layihələrin icra vəziyyəti barədə hesabat”ın müvafiq göstəricilərinə uyğun olmayıb.

    Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən:
    - Aşkar edilmiş pozuntuların aradan qaldırılması çərçivəsində “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə podratçıya artıq ödənilən 287,7 min manat vəsaitin 206,0 min manatının birbaşa dövlət büdcəsinə ödənildiyinin, 42,8 min manat dəyərində işlərin yerinə yetirilərək bərpa edildiyinin və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımi avadanlıqlarla əvəzləşdirildiyinin nəzərə alınması;
    - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi;
    - Maliyyə (mühasibat) uçotu sahəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması və görülmüş digər işlər barədə bir ay müddətində Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq Kollegiya Qərarı ilə təsdiq edilən Auditor hesabatının surətinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə göndərilməsi;
    - “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.4-cü və 22.16-cı maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə auditin nəticələri barədə məlumat verilməsi təklif edilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR