Təyyarə ilə daşınan baqaj itsə, dəyəri tam ödəniləcək - RƏSMİ

Baqaj və ya yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyəcək.

Metbuat.az xəbər verir ki, bu, “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, baqaj və ya yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi, zədələnmə və ya qismən məhv olma ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

Baqajın və ya yükün bir hissəsinin itirildiyi, zədələndiyi, əskik gəldiyi, yaxud təyinat məntəqəsinə vaxtında çatdırılmadığı hallarda daşıyıcının məsuliyyətinin həcmi müəyyən edilərkən yalnız baqajın və ya yükün çəkisi nəzərə alınır.

İçərisindəki əşyalar da daxil olmaqla, bağlamanın (bağlamaların) itirilməsi, zədələnməsi, əskik gəlməsi və ya təyinat yerinə vaxtında çatdırılmaması müvafiq baqaj qəbzinə, yük qaiməsinə və ya poçt qəbzinə daxil edilmiş digər bağlamaların və onların içərisindəkilərin dəyərinə təsir göstərdikdə məsuliyyət həcmi müəyyən edilərkən bütün bağlamaların ümumi çəkisi nəzərə alınır.

Daşıyıcı onun və ya qanunla müəyyən edilmiş qaydada təyin edilən nümayəndələrinin yuxarıda qeyd olunan zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR