Fidan və Xuraman Qasımovalar ilə görüş keçirilib - FOTO

Oktyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirin qonaqları Azərbaycan Respublikasının alq artistləri Fidan Qasımova və Xuraman Qasımova olub. Ümumilikdə 100-dən çox gəncin iştirakı ilə keçirilən görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyev və vətənimizin azadlığı və suverenliyi uğrunda canındaşəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi, layihə koordinatoru Riad Cəbrayılov “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən növbəti görüşün Beynəlxalq Muğam Mərkəzində keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Fidan və Xuraman Qasımovalar klassik opera sənətinin milli kontekstdə inkişafına böyük səylə çalışmışlar. Məhz bunun nəticəsidir ki, Ulu Öndər Heydər Əliyev onların fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, Prezident İlham Əliyev tərəfindən Fidan və Xuraman Qasımova bacıları dəfələrlə dövlət mükafatları ilə təltif edilib. Bu xüsusda, “MədəniyyətimİZ” layihəsinin bu dəfəki görüşünün olduqca məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirən Riad Cəbrayılov görkəmli opera ifaçılarına yaradılıcılıq fəaliyyətində uğurlar arzu edib.

Daha sonra xalq artistləri Fidan Qasımova və Xuraman Qasımova geniş təqdimatla çıxış edərək Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin və səmimi xatirələrindən söhbət açıblar. Qonaqlar diqqətə çatdırıblar ki, Fidan və Xuraman Qasımova bacılarının yaradıcı fəaliyyətinin 25-ci ildönümündə Ulu Öndər Heydər Əliyevin iştirakı onların fəaliyyətinə göstərilən böyük diqqətin təzahürü idi.

Görüş müddətində gənclərə öz tövsiyələrini bölüşən qonaqlar bildiriblər ki, günümüzdə opera sənətinin təbliği istiqamətində daha yeni tendensiya və yaradıcı sənayenin özünəməxsus tələbləri var. Ona görə də, hər bir gənc tələbə bu navatorluğa can atmalı və daim öz üzərində çalışmalıdır. Tədbirdə peşəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri, milli vokal məktəbinin yaranması və klassik ifaçılıq üslubunun təbliği, akademik pedaqoji fəaliyyət və peşəkar yanaşmanın tətbiqindən bəhs edilib.

Musiqili görüşün bədii hissəsində Azərbaycan Respublikasının əməkdar artistləri Rəna Ağayeva və Nigar Məlikovanın pianoda müşayiəti ilə xalq artisti Samir Cəfərov, əməkdar artistlər Fəridə Məmmədova, Aqşin Abdullayev və Akademik Opera və Balet Teatrının solisti Fatimə Cəfərzadənin ifasında Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri təqdim edilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Layihə çərçivəsində indiyədək müxtəlif mədəniyyət xadimləri ilə görüşlər həyata keçirilib. Tədbirlərin il ərzində davam etməsi planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR